Dublin görüşü - Bakı ilə İrəvan arasında dialoqun yeni mərhələsi: Nəqliyyat, enerji və ekoloji əməkdaşlıq
- 13 noyabr, 2026
- 15:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa Siyasi Birliyinin Dublində baş tutan 9-cu Zirvə Görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Görüşün gündəliyi Azərbaycanla Ermənistan arasında sülh prosesinin, Cənubi Qafqazda sabitliyin və regional əməkdaşlıq istiqamətində dialoqun yeni mərhələyə keçdiyindən xəbər verir. İki ölkə lideri arasında müzakirələrin əsas xəttini nəqliyyat yollarının açılması, iqtisadi-ticari əlaqələr, sərhədlərin delimitasiyası və etimad quruculuğu kimi konkret istiqamətlərdə görülən işlərin və əldə olunan irəliləyişlərin daha da inkişaf etdirilməsi təşkil edib. Bu müzakirələr isə Bakı ilə İrəvan arasında gündəliyin artıq daha geniş regional məsələlərlə sıx bağlı olduğunu sübut edir. İrlandiyanın paytaxtında əldə edilmiş razılaşmaların praktiki müstəvidə tətbiqi Cənubi Qafqazda davamlı sülhün iqtisadi əsaslarını formalaşdırmağa xidmət edəcək.
Dublin görüşündəki əsas məqamlardan biri də odur ki, İlham Əliyev və Nikol Paşinyan sülh gündəliyinin irəlilədilməsi məsələsini 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Bəyannaməsinə əsaslanaraq müzakirə ediblər. Bu isə o deməkdir ki, ölkə rəhbərlərinin görüşü yeni siyasi razılaşmaların axtarışı yox, əldə edilənlərin davam etdirilməsi və onun praktik nəticələrə çevrilməsi üzərində qurulub.
Tranzit və nəqliyyat əlaqələrinin inkişafı
Azərbaycanla Ermənistan arasında müzakirələrin ən mühüm istiqamətlərindən biri şübhəsiz ki, nəqliyyat və tranzit əlaqələrinin inkişafı ilə bağlıdır. Çünki sülh prosesinin real irəliləyişi əldə olunmuş siyasi razılaşmaların praktik əməkdaşlıqla möhkəmləndirilməsindən keçir. Kommunikasiya xətlərinin açılması isə bu nöqteyi-nəzərdən çox vacibdir. Eyni zamanda regionda iqtisadi əlaqələrin inkişafı üçün də böyük imkanlar yaradır. Yəni, nəqliyyat əlaqələrinin inkişafına sadəcə Azərbaycan-Ermənistan prizmasından yox, bütövlükdə regionun iqtisadi və logistika imkanlarının inkişafı prizmasından baxmaq lazımdır. Məhz bu səbəbdən də Azərbaycanın son illərdə həyata keçirdiyi regional nəqliyyat strategiyasına baxmaq lazımdır. Burada söhbət Azərbaycanın illərdir üzərində işlədiyi qlobal kommunikasiya siyasətindən, yəni, Şərqlə Qərb arasında etibarlı bağlantı qurmaqdan, beynəlxalq ticarət marşrutlarını şaxələndirməkdən, regionun geoiqtisadi xəritəsini formalaşdırmaqdan gedir. Bu gün dünyanın, xüsusən də Qərbin əksər ölkələri bu layihələrə və kommunikasiya siyasətinə ciddi maraq göstərir və etiraf edirlər ki, məhz Azərbaycanın iştirakı olmadan bunu reallaşdırmaq mümkün deyil.
İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşdə TRİPP layihəsi və yükdaşımalarla bağlı aparılan müzakirələr isə göstərir ki, Azərbaycan Ermənistanla da nəqliyyat əlaqələrini inkişaf etdirmək, regional kommunikasiyaların açılmasını sürətləndirmək geniş iqtisadi əməkdaşlıq strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirir. Görüşdə TRİPP marşrutunun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsi üzrə irəliləyişin müzakirə olunması göstərir ki, söhbət artıq yalnız siyasi niyyətdən deyil, texniki və praktiki hazırlıq mərhələsinə keçən prosesdən gedir.
TRİPP layihəsinin reallaşması Cənubi Qafqazın beynəlxalq iqtisadi marşrutlardakı mövqeyini gücləndirə bilər. Azərbaycan üçün isə həm də ölkənin əsas ərazisi ilə Naxçıvan arasında birbaşa bağlantının təmin edilməsi strateji əhəmiyyətə malikdir. Ermənistan da öz növbəsində bu regional layihəyə qoşularaq, iqtisadi fayda əldə edə və nəqliyyat imkanlarını genişləndirə bilər.
İki liderin görüşü zamanı qeyd edilib ki, ötən ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb. Bu isə tərəflər arasında iqtisadi əlaqələrin qurulması istiqamətində real addımların atılmasından xəbər verir. Burada əsas məsələ yalnız daşınan yükün həcmi deyil. Ermənistanın Azərbaycan ərazisindən tranzit imkanlarından istifadə etməsi regionda uzun müddət mövcud olmuş iqtisadi və nəqliyyat məhdudiyyətlərinin tədricən aradan qaldırılması baxımından əhəmiyyətlidir.
İqtisadi-ticari əlaqələr və enerji əməkdaşlığı
İlham Əliyevin Nikol Paşinyanla Dublində keçirilən görüşündə müzakirə olunan əsas məsələlərdən biri də iki ölkə arasındakı iqtisadi-ticari əlaqələrin inkişafı və enerji sahəsində əməkdaşlıqdır. Rəqəmlərə müraciət etsək, artıq Azərbaycanla Ermənistan arasında iqtisadi-ticari əlaqələr qurulub. Məsələn, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Ermənistana 23 milyon 450 min dollar dəyərində məhsul ixrac edib. Ermənistandan Azərbaycana dolayı yolla idxalın dəyəri 96,5 min dollar təşkil edib. Dublin görüşündə bu mövzunun müzakirəsi göstərir ki, artıq ticari əməliyyatların genişləndirilməsi, növbəti mərhələdə isə bunun qarşılıqlı iqtisadi maraqlara dayanan əməkdaşlıq modelinə çevrilməsi nəzərdə tutulur.
Nəqliyyat layihələri ilə yanaşı bu sahələrdə əməkdaşlıq sülhün möhkəmlənməsinə xidmət edə bilər. Xüsusilə də elektrik şəbəkələrinin birləşdirilməsi Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad və uzunmüddətli əməkdaşlıq üçün zəmin yarada bilər.
İlham Əliyev və Nikol Paşinyanın görüşündə müzakirə edilən enerji sahəsində əməkdaşlıq əslində Ermənistan üçün vacib əhəmiyyət daşıyır. İrəvan enerji məsələsində uzun illər bir mərkəzdən asılı olduğu üçün təchizat mənbələrini şaxələndirmək, gələcək təminatı qarşılamaq üçün Azərbaycana üz tutur. Təsadüfi deyil ki, cari ilin 29 yanvar tarixində də Nikol Paşinyan Ermənistanın Azərbaycan enerji sisteminə qoşulmasının məqsədəuyğun olduğunu açıqlamış, Azərbaycanın elektrik şəbəkəsindən istifadə etməklə beynəlxalq bazarlara çıxış imkanlarını xüsusi vurğulamışdı. Avqustun 25-də Laçında iki ölkənin müvafiq qurumları arasında elektrik enerjisinin idxalı və ixracı, eləcə də enerji infrastrukturunun sərhəddə əlaqələndirilməsi məsələlərinin müzakirəsi, oktyabrın 8-də isə TRIPP çərçivəsində elektrik xətlərinin çəkilişi ilə bağlı texniki görüşün keçirilməsi bu istiqamətdə konkret addımların atıldığını göstərir.
Paralel olaraq, Ermənistanın enerji sektoruna qısa nəzər salsaq, görərik ki, enerji sektoru xarici resurslardan asılı vəziyyətdədir. Beynəlxalq Valyuta Fondunun 2026-cı il hesabatına görə, Ermənistanın ümumi enerji tələbatının təxminən 77 faizi idxal hesabına ödənilir, təbii qaz idxalının isə 83 faizə yaxını Rusiyanın payına düşür. Bu vəziyyət də göstərir ki, İrəvan üçün enerji mənbələrini şaxələndirmək böyük əhəmiyyət kəsb edir. Əlavə olaraq, Ermənistan üçün ölkədə istehsal edilən elektrik enerjisini regional bazarlara çıxarmaq məsələsində Azərbaycanla elektrik şəbəkələrinin əlaqələndirilməsi vacibdir. Çünki belə bir layihə İrəvan üçün əlavə imkanların yaranması deməkdir. Qısası, bu, Ermənistanın enerji təhlükəsizliyi və ixrac potensialı ilə bağlı ehtiyaclarına cavab verə biləcək bir məsələdir.
Transsərhəd çaylarla bağlı əməkdaşlıq
Tərəflərin Dublin görüşündə transsərhəd su ehtiyatlarının idarə olunması ilə bağlı əməkdaşlıq məsələsi də müzakirə edilib. Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, bu çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar. Bu isə göstərir ki, Azərbaycanla Ermənistan arasındakı dialoq yeni istiqamətdə genişlənir. Azərbaycanın uzun müddətdir qaldırdığı əsas narahatlıqlardan biri Ermənistan ərazisindəki sənaye və dağ-mədən müəssisələrinin tullantılarının transsərhəd çaylara axıdılmasıdır. Məsələn, Oxçuçay, Araz çayı ciddi şəkildə çirkləndirilir. Dəfələrlə aparılan monitorinqlər göstərir ki, Ermənistandakı dağ-mədən sənayesi, Amulsar qızıl mədəninin tullantıları bu çaylara axıdılır.
Buna görə də transsərhəd çaylarla bağlı işçi qruplarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ehtimal etmək olar ki, yaxın vaxtlarda hər iki ölkənin mütəxəssislərinin iştirakı ilə monitorinqlər aparılacaq, çirklənmə mənbələri müəyyən ediləcək və problemlərin həlli istiqamətində real addımlar atılacaq. Bu isə həm ekoloji təhlükələrin qarşısını alacaq, həm də tərəflər arasında etimadın möhkəmlənməsinə təkan verəcək.
Nəticə olaraq, deyə bilərik ki, Dublin görüşü Cənubi Qafqazda sülh prosesinin yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Nəqliyyat dəhlizlərinin açılması, qarşılıqlı ticarət dövriyyəsinin artması, enerji şəbəkələrinin əlaqələndirilməsi və ekoloji problemlərin birgə həlli regional sabitliyin ən etibarlı təminatına çevrilir. Bu razılaşmaların reallaşması isə Azərbaycanla Ermənistan arasında etimadı möhkəmləndirməklə yanaşı, Cənubi Qafqaz regionunun inkişaf etdirəcək, qlobal logistika marşrutlarının əsas mərkəzlərindən birinə çevirəcək...
Kamil Məmmədov