Vladimir Norov: "Mərkəzi Asiya və Azərbaycan sənaye süni intellekti üçün regional mərkəzə çevrilə bilər"

İKT
  • 13 noyabr, 2026
  • 15:25
Vladimir Norov: Mərkəzi Asiya və Azərbaycan sənaye süni intellekti üçün regional mərkəzə çevrilə bilər

Mərkəzi Asiya və Azərbaycan sənaye süni intellekti, data idarəetmə və rəqəmsal xidmətlər sahəsində əhəmiyyətli regional qovşağa çevrilmək imkanına malikdir.

"Report" xəbər verir ki, bunu Mərkəzi Asiya Süni İntellekt Assosiasiyasının sədri, Özbəkistanın keçmiş xarici işlər naziri Vladimir Norov Bakıda təşkil edilən II Süni İntellekt Zirvəsində bildirib.

"Mərkəzi Asiyanın illik xarici ticarət dövriyyəsi təqribən 216 milyard ABŞ dolları səviyyəsindədir. Ölkələrimiz arasında daha möhkəm əlaqələrin qurulması ilə ümumi ticarət həcmi potensial olaraq 500 milyard ABŞ dollarına çata bilər. Enerji, strateji minerallar, nəqliyyat, istehsal və rəqəmsal xidmətlər bu inkişafın əsas hərəkətverici qüvvələri ola bilər. Mərkəzi Asiya dövlətləri bütün region boyu rəqəmsal potensiallarını və imkanlarını artırmağa çalışırlar. Bu cəhdləri vahid çərçivədə birləşdirmək üçün ilk növbədə ticarəti daha proqnozlaşdırıla bilən hala gətirə bilərik. Orta Dəhliz Mərkəzi Asiyanı Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropa ilə əlaqələndirir. Bu marşrut üzrə yükdaşımalar qatar qrafiklərinə, liman tutumuna, bərə əməliyyatlarına və gömrük prosedurlarına bağlı ola bilər. Rəqəmsal vasitələr bu prosesi təkmilləşdirməyə yardım edə bilər. Şirkətlər və dövlət orqanları gəliş proqnozlarını daha dəqiqləşdirmək, buraxılmış növbə təhvil-təslimini minimuma endirmək və məlumat uyğunsuzluqlarının aradan qaldırılmasına daha az zaman ayırmaq üçün birgə fəaliyyət göstərə bilərlər",- deyə o vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstanın Aktau şəhərini birbaşa Azərbaycanın Sumqayıt şəhəri ilə birləşdirən Trans-Xəzər fiber-optik kabel xətti Orta Dəhlizə rəqəmsal bağlantı əlavə edir: "O, Mərkəzi Asiyanı Cənubi Qafqazla qovuşdurur və məlumatların qərbə, Avropa istiqamətinə ötürülməsi üçün alternativ marşrut yaradır. Kabel elektron gömrük əməliyyatlarını, yük monitorinqini, daha intellektual nəqliyyat sistemlərini və transsərhəd xidmətləri dəstəkləyə bilər, çünki bunlarsız bu kabel faydasız və gəlirsiz qalacaq. O, eyni zamanda regional məlumat əlaqəsini daha etibarlı və tək marşrutdan daha az asılı edə bilər. Dünya Bankının qiymətləndirməsinə əsasən, strateji yatırımlar və daha effektiv regional inteqrasiya Trans-Xəzər Dəhlizi boyunca ticarəti 2040-cı ilədək üç dəfədən artıq yüksəldə və səyahət müddətini yarıbayarı azalda bilər. Bunlar ehtimal olunan nəticələrdir, zəmanət deyil. Onlar koordinasiyalı investisiya və daha səmərəli nəqliyyatdan asılıdır. Rəqəmsal vasitələr nəqliyyat operatorlarının və müştərilərin tələblərini ödədikdə buna nail olmaq mümkün olacaq".

O qeyd edib ki, rəqəmsal infrastrukturu müəssisələrin, tədqiqatçıların və dövlət qurumlarının bəhrələnə biləcəyi xidmətlərə bağlamaq böyük əhəmiyyət daşıyır: "Bir araşdırmaya görə, Qafqaz, Mərkəzi Asiya və yaxın bazarlar təqribən 850 meqavat data mərkəzi gücünə tələbat yarada bilər. Hazırda regionda cəmi 30 meqavat civarında güc mövcuddur. Biz enerji resurslarını, fiber şəbəkələri, bulud xidmətlərini, elmi araşdırmaları və süni intellekt mütəxəssislərini bir araya gətirə bilərik. Həmçinin, məqsədəuyğun olduğu hallarda hesablama resurslarını ortaq istifadəyə verə bilərik. Hər bir ölkə öz tələblərinə ən münasib infrastruktur modelini müəyyənləşdirə bilər. Həssas məlumatlar aydın milli qaydalar çərçivəsində və lazımi qoruma tədbirləri ilə idarə edilməlidir. Məsələ yalnız elektrik enerjisi istehsal etmək deyil, həm də elektrik şəbəkələrini, enerji saxlama sistemlərini genişləndirməli və eyni vaxtda ölkələrarası əlaqəni təmin etməliyik ki, enerji istehlakçılara etibarlı formada çatdırılsın. Mərkəzi Asiyanın bərpa olunan enerji potensialı 5 470 meqavat olaraq dəyərləndirilir. Azərbaycan data mərkəzlərinə xidmət göstərə biləcək ən azı 2 000 meqavat istifadə olunmamış enerji gücünün mövcudluğunu açıqlayıb. Ölkənin ümumi enerji istehsal gücü təxminən 10 000 meqavat təşkil edir və elektrik tarifləri rəqabətqabiliyyətlidir. Lakin mövcud güc və bərpa olunan enerji potensialı təkbaşına etibarlı təchizata zəmanət vermir".

Sabiq nazir hesab edir ki, bunun üçün data mərkəzləri, enerji istehsalı və elektrik şəbəkələri vahid qaydada planlaşdırılmalıdır: "Azərbaycanın AZURE layihəsi, Xəzər Yaşıl Enerji Dəhlizi üçün texniki-iqtisadi əsaslandırma işləri və Dünya Bankının Mərkəzi Asiya regional elektrik bazarı proqramı birgə planlaşdırma və enerji ticarəti üçün başlanğıc nöqtəsi təşkil edir. Məkan seçərkən su faktorunu da nəzərə almaq lazımdır. Mərkəzi Asiyanın bir sıra bölgələri artıq su çatışmazlığı problemi ilə qarşılaşır. Data mərkəzləri soyutma məqsədilə su sərf edə bilər, bundan əlavə istehlak etdikləri elektrik vasitəsilə dolayı yolla da su istifadə edirlər. Məkan müəyyən edərkən mövcud su ehtiyatlarının həcmini, hansı soyutma sisteminin tətbiq ediləcəyini, tullantı sularının təkrar istifadə imkanını və layihənin yerli icmalara potensial təsirini mütləq nəzərə almalıyıq".

44 filmi