"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağının vaxtı dəyişib

Maliyyə
  • 26 noyabr, 2026
  • 15:17
Azər-Türk Bankın səhmdarlarının yığıncağının vaxtı dəyişib

"Azər-Türk Bank" ASC-nin səhmdarlarının noyabrın 23-də, saat 12:00-da keçirilməsi planlaşdırılan növbəti ümumi yığıncağının vaxtı dekabrın 24-nə dəyişdirilib.

"Report" xəbər verir ki, yığıncaq Bankın baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi, 85 ünvanında olacaq.

Yığıncağın gündəliyinə "Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi daxildir.

Xatırladaq ki, bu il sentyabrın 25-26-da Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçirilmiş II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun "Azər-Türk Bank"ın səhmlərini alması ilə bağlı saziş imzalanıb. Fond Bankın yeni səhmlərini əldə edəcək.

"Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100,5 milyon manatdır. Bankın səhmlərinin 51 %-i Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,37 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,08 %-i "Zıraat Bank İnternational"a, 6,55 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.