Serbiya parlamentinin yeni sədri seçilib
- 19 noyabr, 2026
- 17:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Serbiya parlamentinin deputatları "Tələbə siyahısı"nın namizədi Aleksandar Çupiçi parlamentin yeni sədri seçiblər.
"Report"un Balkan bürosu xəbər verir ki, səsvermədə iştirak edən 239 deputatdan 140-ı Çupiçin, 97-si isə "Aleksandar Vuçiç – Serbiya qalib gəlir" deputat qrupunun namizədi Stoyan Radenoviçin lehinə səs verib.
Seçkidən sonra Aleksandar Çupiç parlamentin təsis iclasına sədrlik etməyə başlayıb.
Qeyd edək ki, 1978-ci ildə Prokuplye şəhərində anadan olan Çupiç Nəqliyyat fakültəsinin məzunudur. O, bakalavr, magistr və doktorantura təhsili alıb.
O, Belqrad Universitetinin Nəqliyyat fakültəsində dosent vəzifəsində çalışır.
"Tələbə siyahısı"nın saytında qeyd olunur ki, onun elmi fəaliyyəti çoxmeyarlı qərar qəbuletmə, metaevristik metodların tətbiqi, poçt nəqliyyatı və logistika sahələrində optimallaşdırma məsələlərini əhatə edir.
Çupiç bir sıra elmi məqalələrin müəllifi və həmmüəllifidir.
Xatırladaq ki, Serbiyada oktyabrın 25-də növbədənkənar parlament seçkiləri keçirilib və "Tələbə siyahısı" 53,01 faiz səslə seçkilərdə qalib gəlib.
Seçkilərin yekun nəticələrinə əsasən, "Tələbə Siyahısı – Tələbələr qalib gəlir" seçki siyahısı 2 354 417 səslə 140 mandat qazanaraq parlamentdə mütləq çoxluğu əldə edib. Aleksandar Vuçiçlə əlaqəli "Aleksandar Vuçiç – Birləşmiş Serbiya" siyahısı isə 1 731 323 səslə 103 mandatla ikinci yeri tutub. Qalan 7 mandat milli azlıqları təmsil edən seçki siyahıları arasında bölüşdürülüb.
İclasın davamında iki deputat qrupu yaradılıb. "Tələbə Siyahısı" deputat qrupuna Yovo Bakiç, "Aleksandar Vuçiç – Serbiya qalib gəlir" deputat qrupuna isə Aleksandar Vuçiç rəhbər seçilib.