Kuba sahillərində baş verən gəmi qəzasında bir nəfər ölüb, üç nəfər itkin düşüb - Yenilənib
- 27 noyabr, 2026
- 06:49
Yeniliklərdən dərhal xəbərdar olun!
Kubanın qərbindəki Artemisa əyalətinin sahillərində Panama bayrağı altında üzən "Halima" konteyner gəmisinin qəzaya uğraması nəticəsində azı bir nəfər həlak olub, üç nəfər isə itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Dəniz Administrasiyasına istinadən Kubanın "Cubavision" telekanalı məlumat yayıb.
Göyərtədə olan 16 heyət üzvündən 12-ni xilas etmək mümkün olub. Axtarış-xilasetmə əməliyyatı davam edir.
Hadisə ilə əlaqədar hökumət komissiyası yaradılıb və ona qəzanın səbəblərini müəyyənləşdirmək, eləcə də axtarış-xilasetmə işlərini gəmi sahibləri ilə birgə əlaqələndirmək tapşırılıb.
Panama bayrağı altında üzən və 16 nəfərlik heyətə malik "Halima" konteyner gəmisi Kuba sahillərində qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə Kubanın "Cubadebate" informasiya portalı özünün "Telegram" kanalında bildirib.
"Sidra Line" şirkəti tərəfindən istismar edilən gəmi noyabrın 26-da səhər tezdən Havanadan qərbdə, Artemisa əyalətindəki Kabanyas körfəzindən təxminən üç dəniz mili (5,6 km) şimalda qəzaya uğrayıb.
Gəminin göyərtəsində 208 konteyner olub. Heyət üzvləri Misir və İndoneziya vətəndaşlarıdır.
Heyət üzvlərinin taleyi barədə məlumat yoxdur. Hadisə ilə bağlı Kuba hakimiyyəti tərəfindən hələ ki rəsmi açıqlama verilməyib.