Xocavənd sakini: Biz qələbəyə layiqik, torpağımıza qayıtmaq haqqımızdır
- 17 noyabr, 2026
- 08:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Biz qələbəyə layiqik, torpaqlarımıza qayıtmaq haqqımızdır.
Buna "Report"a Xocavənd rayon sakini Səxavət İmanova deyib.
"Hisslərimi sözlə ifadə eləmək o qədər çətindir ki. Çünki uşaqlığımı, gəncliyimi orada yaşamışam. Xankəndi Universitetini bitirmişəm. O torpaq mənim üçün o qədər əziz olub, o qədər sevimli olub. Ayağımı basanda o torpaqdan aldığım o qüruru, o sevinci, ifadə eləməyə söz tapmıram.
Oranı məcburi tərk edəndə 22 yaşım var idi və Bakı şəhərində məskunlaşandan sonra o qədər burada vətən üçün şagirdlərimə, bütün ətrafıma Qarabağı sevdirmişəm. Şahidi olduğum bütün o faciələri, o ağlaşma səslərini, o anaların hıçqırtıları ömrü boyu mənim ürəyimdə yara olub. Amma bu gün o qədər qürurlanıram, o qədər fəxarət hissi keçirirəm ki".
O, bu günkü xoşbəxt gününün sevincinə görə təşəkkürünü ifadə edib: "Dövlətimizin başçısına, Prezidentimizə təşəkkür edirəm. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə can sağlığı arzulayıram".
Qeyd edək ki, bu gün Xocavənd şəhərinə 36 ailə - 140 nəfər, rayonun Quzeyxırman kəndinə isə 12 ailə - 45 nəfər köçürülüb.