Kestutis Budris: Litva Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırdır

Xarici siyasət
  • 25 noyabr, 2026
  • 13:32
Kestutis Budris: Litva Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazırdır

Litva Cənubi Qafqazdakı vəziyyətdə irəliləyiş görür, eləcə də regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, o cümlədən azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım göstərilməsinə töhfə verməyə hazırdır.

"Report" xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Litva Azərbaycanın regional sülh prosesindəki konstruktiv rolunu və ölkənin sülhə nail olmaq sadiqliyini yüksək qiymətləndirir.

"Biz Vaşinqton sammitində əldə olunmuş razılaşmaları, sülh prosesini və sazişin paraflanmasını dəstəkləyirik. Hadisələrin inkişafını, o cümlədən Ermənistan tərəfinin son bəyanatlarını diqqətlə izləyirik və ümid edirik ki, yekun sənəd yaxın vaxtlarda imzalanacaq", – Budris qeyd edib.

O vurğulayıb ki, sülh sazişinin bağlanması müxtəlif regional layihələrin, xüsusilə nəqliyyat və energetika sahəsində layihələrin həyata keçirilməsi üçün daha əlverişli şərait yaradacaq.

"Biz Cənubi Qafqazda sabitliyin təmin olunmasında və tərəfdaşlığın inkişafında maraqlıyıq. Litva bu prosesə öz töhfəsini verməyə, regionun iqtisadi inkişafına yardım göstərməyə və öz təcrübəsini bölüşməyə hazırdır", – nazir bildirib.

Budris, həmçinin Litvanın son vaxtlar Ukrayna ilə əməkdaşlıq çərçivəsində öyrəndiyi minatəmizləmə sahəsindəki təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bəyan edib.

"Biz Qarabağın dinc və firavan gələcəyinə öz töhfəmizi verməyə hazırıq", – o əlavə edib.