Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən sahələrə təsir göstərəcək

Sosial müdafiə
  • 18 noyabr, 2026
  • 12:59
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən sahələrə təsir göstərəcək

Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək, lakin peşə təhsili ilə bağlı bu təsir hələlik o qədər də ciddi qiymətləndirilmir.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Peşə Təhsili Forumu" çərçivəsində "Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi" mövzusunda keçirilən panel sessiyada çıxışında deyib.

O bildirib ki, bu, peşə təhsili üzrə tələbatın daha uzun müddət davam edəcəyi deməkdir: "Əmək bazarının tələbləri və keyfiyyət meyarları baxımından bizim üçün əsas məsələ işəgötürənlərin tələblərinə cavab verən işçi qüvvəsinin əmək bazarına daxil olmasıdır. Yəni bu gün təhsil sisteminin yekun benefisiarı əmək bazarıdır. Ona görə də nazirlik olaraq peşə təhsilinin, eləcə də nazirlik tərəfindən həyata keçirilən peşə hazırlığının inkişafını bu proqramların beynəlxalq əmək bazarının tələb və standartlarına uyğunlaşdırılmasında görürük".

Nazir vurğulayb ki, peşə hazırlığı və peşə təhsili ilə bağlı əsas fəaliyyət istiqamətlərdən biri əmək standartlarının hazırlanmasıdır: "Artıq minlərlə peşə və ixtisas standartını hazırlayaraq nazirliyin müvafiq reyestrinə daxil etmişik. Bu standartlar hazırlanarkən beynəlxalq əmək bazarının qəbul olunmuş tələb və standartları nəzərə alınıb".