Azərbaycanda 2030-cu ilədək hər il 25 min nəfərin peşə hazırlığına cəlb edilməsi planlaşdırılır
- 18 noyabr, 2026
- 13:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda 2030-cu ilədək hər il 25 min nəfərin peşə hazırlığı proqramlarına cəlb olunması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Peşə Təhsili Forumu" çərçivəsində təşkil edilən "Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi" adlı panel sessiyada çıxışı zamanı məlumat verib.
Onun sözlərinə görə, nazirliyin peşə hazırlığı sahəsindəki əsas prioritetlərindən biri əmək bazarının ehtiyaclarına müvafiq peşə və kvalifikasiya standartlarının işlənib hazırlanmasıdır:
"Hazırda 1000-dən artıq bu cür standart hazırlanaraq nazirliyin aidiyyəti reyestrinə salınıb. Dövlət Məşğulluq Agentliyi il ərzində 500 minə qədər işsiz və işaxtaran vətəndaşla fəaliyyət aparır. Hər il orta hesabla 18-20 min şəxs peşə hazırlığı kurslarına qoşulur. Bu proqramlar daxilində 130-dan artıq peşə və ixtisas üzrə altı ayadək müddəti əhatə edən kurrikulum təşkil olunur".
Nazir gənclərə peşə seçimi edərkən əmək bazarının perspektiv istiqamətlərini, fərdi bilik və bacarıqlarını, habelə rəqabət faktorunu diqqətə almağı məsləhət görüb:
"Mürəkkəb və ağır peşə sahələrində rəqabət müqayisəli şəkildə aşağı, daha sadə peşələrdə isə əhəmiyyətli dərəcədə yüksək olur. Bu səbəbdən peşə seçimi zamanı rəqabət faktoru da mütləq diqqətə alınmalıdır. Mən şəxsən öz seçimimi etsəydim, rəqabətin nisbətən aşağı olduğu, ancaq daha mürəkkəb və zəhmət tələb edən istiqamətlərə üstünlük verərdim. Çünki başlanğıc mərhələdə bu peşəni mənimsəmək üçün müəyyən çətinlikləri aşmaq tələb olunsa da, sonrakı professional inkişaf prosesində bu, şəxsə ciddi üstünlük təmin edə bilər. Rəqabətin aşağı olduğu sahələrdə məşğulluq imkanları da daha geniş ola bilər".