İMF bu il Gürcüstan iqtisadiyyatının 7,2 % artacağını proqnozlaşdırır

Maliyyə
  • 14 noyabr, 2026
  • 10:47
İMF bu il Gürcüstan iqtisadiyyatının 7,2 % artacağını proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu (İMF) Gürcüstan iqtisadiyyatının 2026-cı ildə 7,2 %, 2027-ci ildə isə 5,7 % artacağını proqnozlaşdırır.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədəki fəaliyyətini başa çatdıran missiyanın rəhbəri Alejandro Heydenberqin maliyyə naziri Laşa Xutsişvili və Milli Bankın prezidenti Natia Turnava ilə yekun görüşündə bu ilin iqtisadi artım tendensiyaları, ortamüddətli makroiqtisadi proqnozlar, həmçinin maliyyə və pul siyasəti məsələləri müzakirə olunub.

Missiyanın yekun bəyanatında artan geosiyasi qeyri-müəyyənliyə və yüksək enerji qiymətlərinə baxmayaraq, Gürcüstan iqtisadiyyatının dayanıqlı göstəricilər nümayiş etdirdiyi qeyd olunub. Fond ölkənin maliyyə və xarici buferlərinin də gücləndiyini vurğulayıb.

İMF-nin proqnozuna əsasən, Gürcüstanda iqtisadi artım tədricən ortamüddətli potensial göstəriciyə - 5 %-ə yaxınlaşacaq.

Fond ölkənin xarici iqtisadi mövqeyinin möhkəmlənməsini, cari hesab kəsirinin azalmasını və beynəlxalq valyuta ehtiyatlarının artmasını da müsbət qiymətləndirib. Bəyanatda Gürcüstanın ehtiyatlı fiskal siyasət yürütdüyü bildirilib. Gəlirlərin artması fonunda 2026-cı ildə büdcə kəsirinin ÜDM-in 1,5 -ni təşkil edəcəyi, dövlət borcunun isə ÜDM-in 33 %-nə qədər azalacağı proqnozlaşdırılır.

2027-ci ilin büdcə layihəsində isə ÜDM-in 2,5 %-i həcmində büdcə kəsiri nəzərdə tutulur. Bu vəsaitin sosial xərclərin, dövlət sektorunda əməkhaqlarının və kapital qoyuluşlarının artırılmasına yönəldilməsi planlaşdırılır.

Qeyd edək ki, BVF missiyasının "Dördüncü Maddə üzrə Məsləhətləşmələr" çərçivəsində Gürcüstana növbəti səfəri 2027-ci ilin aprel ayına planlaşdırılıb.

44 filmi