DSMF və İSF-nin büdcəsində investisiya gəlirlərinin əks olunması təklif edilib
- 05 noyabr, 2026
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Hesablama Palatası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) və İşsizlikdən Sığorta Fondunun (İSF) büdcəsində investisiya gəlirlərinin əks olunmasını təklif edib.
"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu ilə bağlı cari ildə təqdim olunmuş izahatın məlumatlılıq səviyyəsi nəzərəçarpacaq dərəcədə yüksəlib, proqnoz göstəricilərinin əsaslandırılmasına dair məlumatların, xüsusilə xərc istiqamətləri üzrə göstəricilərin çeşidi artib: "Hər iki fondla bağlı qeyd etmək istədiyimiz ikinci mühüm məqam investisiya gəlirləri ilə əlaqədardır. Belə ki, son illərdə sərbəst vəsaitlərin idarə olunması istiqamətində həyata keçirilən fəaliyyət onların yerləşdirilməsindən gəlir əldə edildiyini göstərir. Bu gəlirlər hər iki fondun vəsaitləri ilə əlaqədardır. Bu baxımdan Hesablama Palatası olaraq, hər iki fondun büdcələri haqqında qanunlarda bu parametrlərin də əks etdirilməsini məqsədəuyğun hesab edirik. Bu, eyni zamanda, icmal büdcənin göstəricilərinin tamlığının təmin olunmasına xidmət edərdi".