Vüqar Gülməmmədov: "Sosial sığorta sistemində asılılıq əmsalının artması risk yaradır"

Maliyyə
  • 05 noyabr, 2026
  • 12:10
Vüqar Gülməmmədov: Sosial sığorta sistemində asılılıq əmsalının artması risk yaradır
Vüqar Gülməmmədov

Sosial sığorta sistemində asılılıq əmsalının artması risk yaradır.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərclərinin ümumi daxili məhsula nisbətini ifadə edən göstərici artım meyli nümayiş etdirir və bu, müsbət addım kimi qiymətləndirilməlidir: "Belə ki, cari ildə gözlənilən 5,7 %-lik icra səviyyəsi növbəti ildə 0,5 % bəndi artaraq 6,2 % səviyyəsində nəzərdə tutulub. Bu göstəricinin orta səviyyəyə yaxın olması da diqqətə çatdırılmalıdır. İki əsas əmsalla bağlı təhlillərin nəticələrini də qeyd etmək istərdim. Asılılıq əmsalı sosial sığorta təminatına malik olan şəxslərin sayının məşğul əhalinin sayına nisbəti kimi müəyyən edilir. Bu göstəricinin artım tempi fondun gələcək dövrdə sığorta ödənişlərinin maliyyələşdirilməsində digər mənbələrdən asılılığın artması riskini formalaşdırır".

V.Gülməmmədov qeyd edib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin əvvəlindən məcburi dövlət sosial sığorta haqqı hesablanmış sığortaolunanların sayında baş verən cüzi azalma asılılıq əmsalının yüksəlməsinə təsirsiz ötüşməyib: "İkinci əmsal isə əvəzetmə əmsalıdır. Əvəzetmə əmsalı əmək pensiyasının təyin edildiyi şəxsin pensiya təyinatından əvvəlki dövrdə əldə etdiyi gəlirlərdə təyin olunmuş pensiya məbləğinin xüsusi çəkisini əks etdirir.

Həm statistik məlumatlarda, həm büdcə zərfində, eləcə də büdcə zərfi üzrə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda orta aylıq əməkhaqqı ümumi məbləğdə, yəni vergilər daxil olmaqla nəzərə alındığından, apardığımız təhlildə ümumi əvəzetmə dərəcəsi əsas götürülüb. Əmək pensiyalarının sığorta hissəsinin nominal orta aylıq əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməsi, eyni zamanda, müvafiq indeksləşmənin əmək pensiyalarının tərkibindəki qulluq stajına görə əlavələrə də şamil olunması əvəzetmə əmsalının göstəricisinin nəzərəçarpacaq dərəcədə yüksəlməsini təmin edib".

44 filmi