IMF: Orta Dəhliz və özəl sektor Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi dayanıqlığını artıracaq

İqtisadiyyat
  • 13 noyabr, 2026
  • 10:22
IMF: Orta Dəhliz və özəl sektor Qafqaz və Mərkəzi Asiya regionunun iqtisadi dayanıqlığını artıracaq

İri infrastruktur və investisiya layihələrinin, o cümlədən Orta Dəhlizin inkişafı, həmçinin nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi Qafqaz və Mərkəzi Asiya ölkələri iqtisadiyyatlarının xarici şoklara qarşı dayanıqlığının artırılmasının vacib şərtləridir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin direktor müavini Roberto Kardarelli fondun Yaxın Şərq və Mərkəzi Asiya ölkələri üzrə regional iqtisadi icmalının Özbəkistanda keçirilən təqdimatında bildirib.

IMF nümayəndəsinin qiymətləndirməsinə görə, region iqtisadiyyatlarının xarici böhranlar qarşısında həssaslığının azaldılması üçün iki amil xüsusi əhəmiyyət kəsb edir: regional qarşılıqlı əlaqələrin gücləndirilməsi və özəl sektorun inkişafı.

"Birinci istiqamət tərəfdaşlarla qarşılıqlı əlaqə və regional ticarətdir - bu amillər həmişə iqtisadi dayanıqlığın gücləndirilməsinə kömək edir. İnvestisiya layihələrinin həyata keçirilməsi də böyük əhəmiyyət kəsb edir. Bilirik ki, hazırda regionda Orta Dəhlizin inkişafı fəal şəkildə müzakirə olunur", - R.Kardarelli qeyd edib.

O, özəl sektorun stimullaşdırılmasını ikinci mühüm istiqamət adlandırıb və vurğulayıb ki, məhz biznes iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir, yeni satış bazarlarının mənimsənilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə şərait yaradır.

R.Kardarellinin sözlərinə görə, bir sektordan həddindən artıq asılılıq milli iqtisadiyyatların xarici sarsıntılar qarşısında həssaslığını artırır. O, COVID-19 pandemiyası zamanı ciddi zərər çəkmiş turizm sahəsini, eləcə də kəskin qiymət dəyişikliklərinin təsirinə məruz qalan neft sektorunu nümunə gətirib.

"Regional inteqrasiyanın (o cümlədən Orta Dəhliz kimi layihələr vasitəsilə) və özəl təşəbbüslərin inkişafının vəhdəti ölkələrə gələcəkdə əlverişsiz ssenarilər yarandığı halda itkiləri minimuma endirməyə və əlverişli bazar konyunkturasından maksimum faydalanmağa imkan verəcək", - o əlavə edib.

44 filmi