ADB Azərbaycanın elektrik şəbəkələrini modernləşdirmək üçün TİƏ-tə 350 min dollar ayıracaq
- 23 oktyabr, 2026
- 09:08
Yeniliklərdən dərhal xəbərdar olun!
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın paylayıcı elektrik şəbəkəsinin modernləşdirilməsi və rəqəmsallaşdırılması layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanması və kompleks yoxlanılması üçün beynəlxalq konsaltinq şirkətini cəlb edəcək.
"Report" ADB-yə istinadən xəbər verir ki, məsləhət xidmətlərinin büdcəsi 350 min ABŞ dolları təşkil edir. Müqavilənin icra müddəti - 12 ay, işlərin təxmini başlanma tarixi - 2027-ci il 18 yanvardır.
Layihənin icraçı və həyata keçirici orqanı qismində "Azərişıq" ASC çıxış edəcək.
Məsləhətçi ölkənin elektrik paylayıcı infrastrukturunun müasirləşdirilməsi və rəqəmsallaşdırılması layihəsi üçün TİƏ hazırlamalıdır. Layihəyə 110 kV və 35 kV-luq rəqəmsal yarımstansiyaların, həmçinin onlarla əlaqəli elektrik verilişi xətlərinin tikintisi və müasirləşdirilməsi, məsafədən idarə olunan paylayıcı transformator məntəqələrinin və orta/aşağı gərginlikli xətlərin quraşdırılması, dispetçer idarəetməsi və məlumatların toplanması sistemlərinin (SCADA), telekommunikasiya infrastrukturunun, ADMS sistemlərinin və intellektual uçotun (AMI) tətbiqi, elektrik enerjisi itkilərinin azaldılması və şəbəkənin bərpa olunan enerji mənbələrinin (BOEM) inteqrasiyasına qarşı dayanıqlılığının artırılması üzrə tədbirlərin həyata keçirilməsi daxildir.
Bundan başqa, məsləhətçi şirkət texniki, iqtisadi, maliyyə, ekoloji və sosial risklərin (iqlim dayanıqlılığı və rəqəmsal təhlükəsizlik məsələləri daxil olmaqla) qiymətləndirilməsini həyata keçirəcək, satınalma planını hazırlayacaq və "Azərişığ"ın heyətinin institusional inkişafı üçün proqram hazırlayacaq.