Paşinyanın demokratiyadan sui-istifadəsi – imzalanması gecikən sülh sazişi

Analitika
  • 23 oktyabr, 2026
  • 15:54
Paşinyanın demokratiyadan sui-istifadəsi – imzalanması gecikən sülh sazişi

Ermənistan hökumətinin dünənki iclasında Azərbaycanla münasibətə dair məsələlərə toxunulub. Baş nazir Nikol Paşinyan hakimiyyətin Azərbaycanla sülh müqaviləsini mümkün qədər tez imzalamağa çalışdığını, bu prosesi 2031-ci ilə qədər təxirə salmadığını bəyan edib. Onun sözlərinə görə, hökumət sənədin mümkün qədər tez imzalanmasına nail olmaq niyyətindədir.

Baş nazir bildirib ki, keçənhəftəki bəyanatlarından sonra sülh müqaviləsinin 2031-ci ildə imzalanacağına dair şərhlər verilib. Onlara cavab olaraq deyib ki, sənədin 2031-ci ildə deyil, o tarixə qədər imzalanması zərurətini nəzərdə tutub. O, prosesin müəyyən vaxt tələb edəcəyini qeyd edərək onun irəlilədilməsi üçün səylərin cəmləşdirilməsinin vacibliyini vurğulayıb. Paşinyan sülh müqaviləsinin tezliklə imzalanmasının, sonrakı ratifikasiyasının hökumətin siyasi kursunun bir hissəsi olduğunu bəyan edib.

Onun sözlərinə görə, infrastruktur layihələri təkcə iqtisadi əhəmiyyət daşımır, eyni zamanda, sülhün möhkəmləndirilməsində mühüm rol oynayır.

Ermənistan rəhbərliyi hökumətin toplantılarında, müxtəlif yerli və beynəlxalq tədbirlərdə sülh sazişinin imzalanmasından danışaraq özünü az qala, bu siyasi hadisənin təşəbbüskarı kimi təqdim etməyə çalışır. Bu çıxışlarla rəsmi İrəvan təcavüzkar olduğunu, Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladığını gizlətməyə cəhd göstərir, belə çıxışlarla Ermənistana yeni imic qazandırmağa səy edir.

Bu yaxınlarda 2-ci Qarabağ Müharibəsinin nəticələrinə dair üçtərəfli bəyanatın imzalanmasının altıncı ili olacaq. Eləcə də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın birgə bəyannaməni qəbul etməsindən bir ildən artıq vaxt ötüb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan "Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" Sazişin razılaşdırılmış mətnini paraflayıblar. Həmin sənəddə qarşılıqlı suverenliyin, ərazi bütövlüyünün, beynəlxalq sərhədlərin toxunulmazlığının tanınması, ərazi iddialarından və güc tətbiqindən imtina, diplomatik münasibətlərin qurulması və sərhədin delimitasiyası prosesinin davam etdirilməsi kimi məsələlər nəzərdə tutulub. Ancaq hələ də tərəflər arasında sülh sazişi imzalanmayıb və ratifikasiya olunmayıb.

Sazişin yekun rəsmiləşdirilməsi ilə yanaşı, sərhədin delimitasiyası, humanitar sahədə də problemlər var.

Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiaları irəli sürür. Rəsmi İrəvan Azərbaycan ərazisində "anklav"ın olduğunu iddia edərək Ermənistandakı Azərbaycanın uyğun statuslu torpaqlarına girişi bağlamağa çalışır. Bununla da prosesi ləngidir. Belə ehtimal olunur ki, onlar Azərbaycan torpaqlarına dair məsələləri sonraya saxlamaqla unutdurmağa səy edirlər. Tarixi fakt bu yerdə öz sözünü deyir. Azərbaycan Xalq Cümhuriyyətinin 113,9 min kvadrat kilometr ərazisindən təxminən 16,6 min kvadrat kilometri o dövrdə mübahisəli zona hesab olunurdu. Bu məsələnin sonra həll edilməsi nəzərdə tutulmuşdu. Ancaq bolşeviklərin işğalından sonra Zəngəzur da daxil olmaqla Azərbaycan ərazisinin bir hissəsi Ermənistana verildi. Bununla da mübahisəli ərazi məsələsi həll olunmamış qaldı.

Bu günlərdə İrəvan rəsmilərinin iddia etdiyi ərazilər də sovetləşmə zamanı Ermənistana verilən torpaqlardır. Hazırda anklav kimi təqdim edilir. Azərbaycan torpaqları isə Ermənistan ərazisində fərqli hadisə nəticəsində qalıb. Anklavlar yarananadək o ərazilər bütövlükdə Azərbaycan torpaqları olub. Bolşeviklərin işğalından sonra "hamısı SSRİ ərazisidir" düşüncəsi ilə Ermənistana verilib. Nəticədə Naxçıvanla araya erməniləşdirilən Zəngəzur düşüb, bir sıra kəndlər də anklav adlandırılaraq bu günədək Ermənistan ərazisində qalır.

Ona görə də sülh sazişinin imzalanmasının gecikməsi səbəblərindən biri kimi sərhədlərin delmitasiyası məsələsi vurğulanır. Ərazilər müəyyənləşdirilmədən normallaşma prosesi və sülh sazişinin imzalanması mümkünsüzdür. Çünki həmin sənəddə ərazi bütövlüyü əsas məsələlərdən biridir. Bu həm də tərəflər arasında etimad və etibarın yaranmasını gücləndirər.

Odur ki, sülh sazişinin imzalanmasının gecikməsinin məsuliyyəti İrəvanın üzərinə düşür. 2020-ci il noyabrın 9-da Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə üçtərəfli bəyannaməni sevinclə imzalamışdı. Bu sənədə işğalçının kapitulyasiya aktı da demək olar. Ancaq sonrakı dövrdə Ermənistan konkret addımlar atmaqdansa, daha çox açıqlamalarla yadda qalıb.

Bu ölkənin adında işğalçı, təcavüzkar kimi damğa da var. Ölkənin indiki və gələcək hakimiyyətləri bunu təmizləmək, xoşməramlı qonşu olduqlarını isbatlamaq üçün hələ çox cəhdlər edəcəklər.

Paşinyanın çıxışında vurğulanan humanitar məsələ də münaqişə dövründə itkin düşən Azərbaycan vətəndaşlarının aqibətinin Ermənistandan asılı olan hissəsidir. Qalan məsələlər arasında sazişin yekun rəsmiləşdirilməsi, sərhədlərin delimitasiyasının davam etdirilməsi və humanitar problemlərin həlli var.

Bakıda keçirilən IV Beynəlxalq Konfransda açıqlanan məlumata görə, Azərbaycan tərəfi Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycanın 834 vətəndaşı barədə siyahını Ermənistana təqdim edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olub saxlanma yerlərində öldüyü bildirilən 54 nəfərdən yalnız 17-sinin meyiti qaytarılıb, 33 nəfərin meyiti isə hələ də geri verilməyib.

Ermənistanın təqdim etdiyi 50 erməniəsilli şəxsin DNT profilləri ilə azad edilmiş ərazilərdəki qalıqlar arasında heç bir uyğunluq aşkarlanmayıb. Azərbaycan qarşı tərəfə uyğun DNT nümunələri təqdim etməyi təklif edib.

Bakı-İrəvan münasibətlərinin normallaşmasında delmitasiya ilə yanaşı, Ermənistanın mövcud təcavüzkar, qondarma soyqırımı və başqa buna oxşar saxta iddialarından imtina etməsi üçün əsas qanunda, konstitusiyada dəyişikliyə ehtiyac var. Çünki bu, zəruridir, münasibətlərin normallaşması, sülh sazişinin imzalanması, ratifikasiyası üçün başlıca şərtlərdəndir.

Nikol Paşinyan həmin iclasda konstitusiya islahatına da münasibət bildirib. Onun sözlərinə görə, hakimiyyət yaxın zamanda yeni konstitusiya layihəsini dərc etmək və ictimai müzakirələrə başlamaq niyyətindədir. Bununla yanaşı, o, müxalifətlə razılıq əldə edilmədiyi halda erkən seçkilərin keçirilməsini istisna etməyib. Baş nazir, həmçinin xalqın onun təklif etdiyi gündəliyi dəstəkləmədiyi halda siyasi missiyasının tükənə biləcəyini ehtimal edib.

Paşinyan Ermənistan Konstitusiyasının Azərbaycanla müzakirə edilməsinin yolverilməzliyini dəfələrlə bəyan etdiyini vurğulayaraq deyib ki, bu məsələ yalnız ölkəsinin daxili işidir. Heç şübhəsiz, konstitusiya ilə bağlı mübahisəli məsələlərin həlli, yaxud islahat hər dövlətin daxili işidir. Ancaq, görünür, bu yerdə Nikol Paşinyana və onun kimi düşünənlərə xatırladılası məqamlar var. Çünki məsələ beynəlxalq hüquq, dövlət suverenliyi və regional təhlükəsizlik baxımından yanaşma tələb edir. BMT Nizamnaməsi və Helsinki Yekun Aktı kimi bütün dövlətlərin qəbul etdiyi fundamental sənədlər ölkələrin ərazi bütövlüyünü, suverenliyi və sərhədlərin toxunulmazlığını tanıyır.

Ona görə də bir ölkənin konstitusiyasında (konkret Ermənistanın) qonşu dövlətin (Azərbaycanın) ərazisinə birbaşa və ya dolayısı ilə (məsələn, tarixi bəyannamələrə istinadən) iddia varsa, bu, beynəlxalq hüququn prinsipləri ilə ziddiyyət təşkil edir. Deməli, bu halda Ermənistanın Azərbaycana ərazi iddiası edən konstitusiyasının mövcudluğu sülh proseslərinə maneədir.

Tarixdə oxşar hadisə həll olunub. İrlandiya Respublikası 1998-ci ildə imzalanmış Xeyirli Cümə (Belfast) Sazişi çərçivəsində konstitusiyasının 2-ci və 3-cü maddələrini dəyişdirib. Çünki orada İrlandiyanın milli ərazisinin bütün İrlandiya adasını (Şimali İrlandiya daxil olmaqla) əhatə etdiyi, həmin əraziyə birbaşa iddia irəli sürüldü.

Bu dəyişikliklər 1998-ci il mayın 22-də keçirilmiş referendumda İrlandiya vətəndaşlarının təxminən 94%-nin səsi ilə qəbul edilmişdi. Sənəd həmin il dekabrın 2-də rəsmi olaraq qüvvəyə minib. Bu, Böyük Britaniya hökuməti, İrlandiya Respublikası hökuməti və Şimali İrlandiyanın əksər aparıcı siyasi partiyaları arasında sülhün bağlanması üçün böyük təkan oldu.

Odur ki, Ermənistanın mövcud konstitusiyasının preambulasında ərazi iddiaları olduğundan Azərbaycanın işğalçını torpaqlarından çıxaran tərəf kimi əsas qanunda dəyişikliyi şərt olaraq irəli sürməsi beynəlxalq hüquqa və başqa bu kimi normalara zidd deyil. Bu yerdə Nikol Paşinyan haqsızdır və hüquqa bir də müraciət etməsinə ehtiyac var.

Baş nazirin müxalifətlə danışıqlar aparması və başqa bu kimi açıqlamaları sülh sazişinin imzalanmasının, deməli, həm də konstitusiyada dəyişikliyin edilməsinin süni şəkildə uzadılması üçün bəhanədir.

Heç kimə sirr deyil ki, Ermənistanda müxalifət əsasən rusiyayönlü revanşistlərdir. Onlar bu məsələyə münasibətlərini Azərbaycan torpaqlarını işğal etdikləri zaman soyqırımılar, cinayətlər törətməklə göstəriblər. Başqa sözlə, Nikol Paşinyanın bu əməllərdə əlləri olan Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Saqrsyan, Seyran Ohanyan kimi "siyasi müxalifət" təmsilçiləri ilə nəyi müzakirə edəcək? Onlar bu qanunun qəbulunda birbaşa və dolayı yolla iştirak ediblər.

Partiyasına daxil olmayan digər müxalif qüvvələr isə parlamentdə və siyasi arenada Baş nazirin təzyiq alətidir. Başqa sözlə, Nikol Paşinyan bu məsələnin məsuliyyətini demokratiyanın boynuna yıxmaq istəyir. Çünki onun başçılıq etdiyi hökumət Robert Koçaryan və başqa müxalif liderlər barəsində cinayət işi başlada, onların siyasi fəallığını məhdudlaşdıra bilirsə və başqa bu kimi addımları atmağa güc, imkan tapırsa, deməli, konstitusiyanı da dəyişmək üçün siyasi iradəsi var.

Seçkidən öncə Nikol Paşinyan və komandası konstitusiyanı 2026-cı ildə dəyişəcəklərini bəyan edirdi. İndi isə bunu növbədənkənar seçkilərə qədər daşımağı hədəfləyirlər.

Bütün bunlar Ermənistan hakimiyyətinin sülh sazişinin imzalanması, Azərbaycanla münasibətlərin normallaşması üçün yaratdığı süni maneədir. Nikol Paşinyan "gündəliyi dəstəkləmədiyi halda siyasi missiyasının tükənə biləcəyini ehtimal" etməklə sülh sazşinin imzalanmasında işğalçı və təcavüzkar konstitusiyanın dəyişdirilməsində maraqlı olan qüvvələri şantaj edir. Onun bu ritorikasının mənası "mənə təzyiq etməyin, gedərəm" anlamına gəlir.

Hadisələr isbat edir ki, Ermənistan hökuməti sülh sazişi imzalamaq üçün şərtlərə əməl etməkdə maraqlı görünmür. O, əsas səbəb kimi irəli sürdüyü bəhanələrlə qarşı tərəfin şərtlərinin icrasını unutdurmağa, bununla da onun baş nazirliyi dövründə yeni konstitusiyanın qəbul edilməməsinə çalışdığını da ehtimal etmək olar.

Eyni zamanda, Nazirlər Kabinetinin iclasında verdiyi ismarışlar Nikol Paşinyanın demokratiyanın imkanlarından sui-istifadə olaraq dəyərləndirilə bilər.