Aİ Ukraynaya PUA və döyüş sursatları üçün 15 milyard avroya yaxın vəsait ayıracaq
- 18 noyabr, 2026
- 15:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) gələn il Ukraynaya pilotsuz uçuş aparatları (PUA) və döyüş sursatları üçün 14,4 milyard avro ayıracaq.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" müdafiə məsələləri üzrə Avropa komissarı Andryus Kubilyusa istinadən məlumat yayıb.
Avropa komissarının sözlərinə görə, 2027-ci il üçün kredit çərçivəsində ilk satınalma planları üzərində işlərə artıq başlanılıb. Bu vəsaitin 14,4 milyard avrosu PUA və döyüş sursatlarına ayrılacaq.
"Maliyyələşdirməyə artıq 2027-ci ilin yanvarından başlamaq və hər hansı gecikmənin qarşısını almaq üçün nəzərə almaq lazımdır ki, Ukraynanın silaha olan ehtiyacları strukturunda pilotsuz uçuş aparatlarının payı daim artır. Əgər 2026-cı ilin əvvəlində bu rəqəm 31 % təşкil edirdisə, proqnozlara görə, 2027-ci ildə 62 %-ə çatacaq. Ukrayna tərəfinin hesablamalarına görə, cari ildə Rusiya tərəfi təxminən 10 milyon pilotsuz uçuş aparatından istifadə edəcək, gələn il isə onların sayı artaraq 20 milyona çata bilər", - o, bildirib.
Kubilyus həmçinin Ukraynaya lazım olan silahların, o cümlədən Aİ ərazisində istehsalının artırılmasının zəruriliyini qeyd edib ki, tədarüklər 2028 və ya 2029-cu illərdə deyil, məhz 2027-ci ildə baş tutsun.
"Bu gün Avropa Komissiyası əlavə 45 milyard avro həcmində yeni mexanizm hesabına Ukraynaya dəstək paketinin gücləndirilməsi ilə bağlı təkliflər təqdim edib. Bu məbləğin 25 milyard avrosu 2027-ci ildə müdafiəyə yönəldiləcək. Bu, həm maddi, həm də siyasi baxımdan son dərəcə mühüm qərardır. O, Putinə Aİ-nin Ukraynaya dəstəyini davam etdirdiyinə dair güclü mesaj verir", – Avropa komissarı vurğulayıb.