Şəkidə şəhid mayor Xəyal Məmmədova həsr olunan kitabın təqdimatı keçirilib
- 18 noyabr, 2026
- 15:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəkidə Vətən müharibəsinin şəhidi, mayor Xəyal Məmmədovun doğum günündə ona həsr olunan "Vətənin Xəyalı" kitabının təqdimatı keçirilib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Şəki Dövlət Dram Teatrında keçirilən mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon rəsmiləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Yazıçı-publisist Manya Səxavətqızının hazırladığı kitabda X.Məmmədovun şərəfli ömür və döyüş yolundan ətraflı bəhs olunub.
Xəyal Ağabəy oğlu Məmmədov 1986-cı il noyabrın 18-də Şəki şəhərində anadan olub. 1993-2001-ci illərdə Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsilini davam etdirib. Hərbi təhsili müddətində bir sıra ölkələrdə keçirilən təlimlərdə iştirak edib.
Mayor X.Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin gedişində Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. O, döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxararmaqla da fərqlənib. X.Məmmədov 2020-ci il oktyabrın 20-də Qubadlı döyüşləri zamanı şəhid olub. Şəki şəhərində dəfn edilib.
Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Ailəli olub, iki qız övladı yadigar qalıb.