Qarabağda balıqçılıq üçün torpaq sahəsi əldə etmək mümkün olacaq
- 05 noyabr, 2026
- 15:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Qarabağda investisiya qaydasında balıqçılıq istiqaməti üzrə torpaq sahəsi əldə etmək mümkün olacaq.
"Report" xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Yasər Abdullayev Bakıda keçirilən I Akvakultura Forumu çərçivəsində panel müzakirələrdə deyib.
"Qarabağda investisiya qaydasında torpaqların verilməsidir 236 nömrəli fərmada indiyə kimi daha çox heyvandarlıq, bitkiçilik, çoxillik əkinlər, iribuynuzlu və xırdabuynuzlu heyvandarlıq, bir də arıçılıq istiqamətləri var idi. Fərman layihəmizə artıq balıqçılıq da daxil olacaq. Bununla bağlı əlavə olaraq, 1 323 nömrəli fərmanda da dəyişiklik gözlənilir",-deyə o qeyd edib.
Bundan başqa, nazirlik rəsmisi deyib ki, bir sıra qanunlarda da dəyişikliklər olacaq: "Misal üçün, "Aqroparklar haqqında nümunəvi əsasnamə"yə biz balıqçılığın daxil edilməsi niyyətindəyik və bunun ilkin layihəsi hazırlanır. Əlavə olaraq, Torpaq Məcəlləsində başqa bir dəyişiklik layihəsi də hazırlanır. Akvakultura təsərrüfatları torpaq kateqoriyasının dəyişdirilməsindən azad olacaqsa, biz deyirik ki, eyni zamanda təsərrüfatlarda bərpa olunan enerji mənbələrindən istifadə edilirsə, o qurğuların və sistemlərin yerləşdirilməsi üçün də torpaq kateqoriyasının dəyişdirilməsindən azad olsunlar. Məsələn bir balıqçılıq və ya akvakultura müəssisəniz var, orada əlavə olaraq günəş panelləri yerləşdirmək, bərpa olunan enerji, külək və ya başqa mənbələrdən istifadə etmək istəyirsiniz. Bu qurğular, xüsusən də günəş panellərini nəzərə alsaq, kifayət qədər yer tuturlar. Niyyətimiz sizi bu inzibati yükdən də azad etməkdir".