Zolton Egeresi: Azərbaycan və Macarıstan arasında iqtisadi, siyasi və diplomatik əlaqələr çox yüksək səviyyədədir
- 20 may, 2025
- 17:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Azərbaycan və Macarıstan arasında iqtisadi, siyasi və diplomatik əlaqələr çox yüksək səviyyədədir.
“Report”un Budapeştə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Macarıstanın Beynəlxalq Əlaqələr və Ticarət İnstitutunun tədqiqatçısı Zolton Egeresi jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Macarıstan üçün TDT-nin qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etmək çox önəmli bir fürsətdir:
“Macarıstan 2018-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi ölkə kimi qoşulub. Artıq yeddi il keçib və bizim üçün ən böyük tədbir sabah baş tutacaq. Bu, Macarıstanı tanıtmaq, onun Türk dünyasındakı rolundan bəhs etmək üçün gözəl bir fürsətdir. Ümid edirik ki, Budapeştdə qəbul olunacaq bəyanat TDT üçün çox önəmli bir mərhələ olacaq”.
Tədqiqatçı bildirib ki, Macarıstan və Azərbaycan arasında əlaqələr son illərdə tam mənası ilə “qızıl dövr”ə qədəm qoyub:
“Macarıstan hər məsələdə, həm də Cənubi Qafqazdakı sabitlik məsələsində Azərbaycanın arxasındadır. Müharibə dövründə də Macarıstan həmişə Azərbaycana dəstək verib. Azərbaycanın ərazi bütövlüyünü Avropa İttifaqında da dəstəkləyib, müxtəlif bəyanatlarla çıxış edib”.
Müsahib söyləyib ki, Macarıstan üçün Azərbaycan həm də çox önəmli bir enerji mənbəyidir:
“Yəni enerji sahəsində Macarıstan və Azərbaycan son illərdə çox yaxın və əhəmiyyətli münasibətlər qurublar. Məsələn, son illərdə Azərbaycandan Macarıstana qaz nəqli başlayıb və bu, çox vacibdir, çünki Ukraynadakı müharibəyə görə rəsmi Budapeşt enerji məsələsində çox həssasdır. Azərbaycanla bu sahədəki əməkdaşlıq bizim üçün böyük fürsətdir. Digər tərəfdən, son illərdə bir sıra macar enerji şirkətləri Azərbaycana daxil olub. Məsələn, Macarıstanın neft şirkəti indi fəal şəkildə Azərbaycanda görünür".
Zolton Egeresi həmçinin vurğulayıb ki, Macarıstan Türk dünyasının bir hissəsidir:
"Ona görə də son illərdə Macarıstan türk dövlətlərindən olan tələbələr üçün çox geniş kvota ayırır. Macarıstan xüsusi təqaüdlər təqdim edir və hər il universitetlərimizə 200-ə yaxın azərbaycanlı tələbə qəbul olunur. Son 4-5 ili hesablasaq, azərbaycanlı tələbə sayı min nəfəri keçir. Əgər bütün Türk dünyasından qəbul olunan tələbələrdən danışsaq, bu zaman say bir neçə minə çatır. Budapeştdəki Azərbaycan icması da çox güclüdür”.