Pərvanə Vəliyeva: Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına yeni imkanlar açır
- 20 may, 2026
- 13:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması regionda turizmin inkişafı üçün mühüm zəmin yaradır.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhər-Sənaye-İqlim Qarşılıqlı Əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılmas" adlı tədbirdə deyib.
Deputat Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin yaratdığı yeni imkanlardan danışaraq bildirib ki, bölgədə davamlı sülhün təmin olunması turizm potensialının genişlənməsinə, iqtisadi əlaqələrin güclənməsinə və regional əməkdaşlığın dərinləşməsinə təkan verə bilər.
P.Vəliyeva Azərbaycanın əlverişli coğrafi mövqeyinə də diqqət çəkərək vurğulayıb ki, ölkə Avropa ilə Asiyanı birləşdirən strateji "qapı" rolunu oynayır.
Onun sözlərinə görə, Azərbaycanda investorlar üçün əlverişli biznes və təhlükəsiz investisiya mühiti formalaşdırılıb:
"Azərbaycan təhlükəsiz ölkədir. Fiskal və gömrük güzəştləri sahibkarları "yaşıl texnologiya"lara və dayanıqlı sənaye sahələrinə investisiya yatırmağa təşviq edir. Ölkədə həyata keçirilən bərpa olunan enerji layihələrində iştirak edən fiziki və hüquqi şəxslər həmin layihələrdə istifadə olunan aktivlərə görə 30 ilədək müddətə əmlak və torpaq vergisindən azad edilirlər. Bu mexanizm "yaşıl enerji" layihələrinə investisiyaları stimullaşdırır və dövlət-özəl tərəfdaşlığının inkişafını dəstəkləyir".