Rusiya və Azərbaycan 2026-2027-ci illər üçün XİN-lərarası məsləhətləşmələr planını imzalayıb

Xarici siyasət
  • 17 iyul, 2026
  • 15:39
Rusiya və Azərbaycan 2026-2027-ci illər üçün XİN-lərarası məsləhətləşmələr planını imzalayıb

Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri (XİN) 2026-2027-ci illər üçün məsləhətləşmələr planını imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov bu gün Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla danışıqların yekunları üzrə bildirib.

S.Lavrov bildirib ki, XİN rəhbərləri səviyyəsində faydalı və etimada əsaslanan danışıqlar keçirilib:

"Münasibətlərimizin dostluq, mehriban qonşuluq, müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə ruhunda ardıcıl inkişafını təsdiq etdik. Bakı və Moskva arasında ən yüksək səviyyədə müntəzəm dialoqu qeyd etdik".

Nazir xatırladıb ki, bu ilin yazında Azərbaycan Rusiya humanitar yardımının öz ərazisindən keçməklə İran xalqına çatdırılmasında ciddi köməklik göstərib:

"Biz Prezident İlham Əliyevin iyulun 13-də Şuşada keçirilən forumda Rusiya-Azərbaycan münasibətlərinin tamamilə normallaşdığı və əvvəlki çətinliklərin geridə qaldığı barədə son fikirlərini qeyd etdik. Bu reallığın hər iki tərəfdən anlaşıldığını təsdiqlədik və son bir neçə ay ərzində münasibətlərimizdə yaranmış müəyyən fasiləni doldurmaq istiqamətində hərəkət edəcəyimiz barədə razılığa gəldik".

S.Lavrov qeyd edib ki, Azərbaycanla bütün səviyyələrdə xarici siyasət xətti üzrə fəal dialoq aparılır: "Bizim müavinlərimiz, departament rəhbərləri müntəzəm təmasdadırlar. Bu gün imzalanmış 2026-2027-ci illər üçün məsləhətləşmələr planı, əlbəttə ki, bu prosesə töhfə verəcək".