İsmayıl Serageldin əlçatan mənzillərin maliyyələşdirilməsi üçün çoxsəviyyəli model təklif edib
- 22 may, 2026
- 13:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Çoxsəviyyəli maliyyələşdirmə sistemi və risklərin azaldılması üçün səmərəli mexanizmlər yaradılacağı təqdirdə, aztəminatlı əhalinin əlçatan mənzillə təmin olunması üçün özəl sektordan 3 trilyon dollara yaxın vəsait səfərbər edilə bilər.
"Report" xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Serageldin Bakıda keçirilən WUF13-də bildirib.
Onun sözlərinə görə, bu gün qlobal özəl resursların həcmi 470 trilyon dollar dəyərində qiymətləndirilir, illik qlobal yığımlar isə təqribən 30 trilyon dollar təşkil edir. Bu vəsaitlərin hətta 10 %-dən az bir hissəsinin qiymətli kağızlarla təminat sistemi vasitəsilə mənzil sektoruna yönəldilməsi mənzillərin əlçatanlığı ilə bağlı vəziyyəti köklü şəkildə dəyişə bilər.
Serageldin qeyd edib ki, əhalinin maliyyə inteqrasiyası mərhələli şəkildə qurulmalı və ən yoxsul təbəqələr üçün mikromaliyyələşdirmədən başlamalıdır.
O, uğurlu model kimi 97 %-ni qadınların təşkil etdiyi 12 milyon iştirakçını özündə birləşdirən "Grameen Bank"ı, həmçinin SEWA assosiasiyasını nümunə gətirib.
Onun sözlərinə görə, növbəti mərhələ milyonlarla kiçik sahibkarı iqtisadiyyatın rəsmi sektoruna cəlb etməyə imkan verən "BancoSol" modeli üzrə hərtərəfli bank xidmətlərinə keçid olmalıdır.
"Son addım mənzil layihələrinin risklərinin azaldılması üçün beynəlxalq institutların, regional təşkilatların və mərkəzi bankların cəlb edilməsindən ibarətdir. Bu isə özəl sektorun nəhəng resurslarına çıxış imkanı yaradacaq", - o bildirib.