Rubio: ABŞ Özbəkistanın tərəqqisindən və əməkdaşlıq imkanlarından təsirlənib
- 19 oktyabr, 2026
- 23:10
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Özbəkistanın əldə etdiyi tərəqqidən və ikitərəfli əməkdaşlığın gələcək inkişafı üçün mövcud imkanlardan məmnundur.
"Report"un məlumatına görə, bunu ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşündə bildirib.
"Özbəkistan və Mərkəzi Asiya kommersiya diplomatiyasında intibah dövrünü yaşayır və ABŞ bu yenidən canlanmanın bir hissəsi olmaq istəyir", – deyə Rubio vurğulayıb.
Onun sözlərinə görə, Mərkəzi Asiya tarix boyu Şərqlə Qərb arasında ticarət əlaqələrinin inkişafında mühüm rol oynayıb. Özbəkistan prezidentinin səyləri də daxil olmaqla, regionun dünyaya açılması həm diplomatik, həm də iqtisadi sahələrdə əhəmiyyətli imkanlar yaradıb.
ABŞ dövlət katibi Vaşinqtonla Daşkəndin maraq və strateji məqsədlərinin üst-üstə düşdüyünü də qeyd edib.
"Sizin üçün vacib olan bizim üçün də vacibdir. Bu, nəsillər boyu möhkəm qalacaq tərəfdaşlıq və əlaqələr yaradır", – deyə o bildirib.
Rubio ABŞ Prezidenti Donald Trampın salamlarını Mirziyoyevə çatdırıb. Trampın özbəkistanlı həmkarının liderliyini və açıqlığını yüksək qiymətləndirdiyi bildirilib.
Danışıqlar zamanı tərəflər siyasət, təhlükəsizlik, ticarət, investisiyalar, innovasiyalar, texnologiyalar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Xüsusi diqqət Özbəkistanla ABŞ arasında Genişləndirilmiş Strateji Tərəfdaşlıq Dialoqunun işə salınmasına yönəldilib. Dialoqun Səmərqənddə keçirilən ilk iclasının yekununda bir sıra sənədlər imzalanıb. Onların arasında kosmosun dinc məqsədlərlə tədqiqinə dair "Artemida sazişləri" də yer alıb.
Bundan əlavə, Səmərqənddə C5+1 formatında nazirlər görüşü və Amerika-Özbəkistan Biznes və İnvestisiya Şurasının ikinci iclası keçirilib. Sonuncunun yekununda ümumi dəyəri 12 milyard dollar olan razılaşmalar əldə edilib.
Qeyd olunub ki, 2026-cı ilin əvvəlindən iki ölkə arasında ticarət dövriyyəsi 35 faiz artıb. Hazırda mülki aviasiya, avtomobil sənayesi, dağ-mədən sənayesi, energetika, kənd təsərrüfatı, rəqəmsallaşma və maliyyə sektorlarında iri birgə layihələr həyata keçirilir.
Tərəflər, həmçinin strateji əhəmiyyətli faydalı qazıntılar, nəqliyyat, süni intellekt və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın perspektivlərini, eləcə də regional təhlükəsizlik və regionlararası əlaqələrin genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər.