Hindistan, Seneqal və Kolumbiyada gənclər şəhər planlaşdırması üçün "Minecraft"dan istifadə edirlər

Xarici siyasət
  • 19 may, 2026
  • 15:51
Hindistan, Seneqal və Kolumbiyada gənclər şəhər planlaşdırması üçün Minecraftdan istifadə edirlər

Hindistan, Seneqal və Kolumbiyada gənclər şəhər planlaşdırmasında və ictimai məkanların layihələndirilməsində iştirak etmək üçün rəqəmsal alətlərdən fəal şəkildə istifadə edirlər.

"Report" xəbər verir ki, bu barədə Hindistan nümayəndəsi WUF13 çərçivəsində keçirilən "Təhlükəsiz və dayanıqlı şəhərlər üçün gənclərin liderliyi" tədbirində bildirib.

Onun sözlərinə görə, bu ölkələrdə gənclər təşəbbüsləri üç əsas istiqamətdə həyata keçirilir: idarəetmə mexanizmlərinin inkişafı, rəqəmsal texnologiyaların tətbiqi ilə gənclərin iştirakı və yerli səviyyədə şəhər proqramlarının icrası.

"Layihələrin ilk mərhələsi rəqəmsal platformalardan istifadə etməklə şəhər ictimai məkanları haqqında məlumatların toplanmasıdır", - Hindistan nümayəndəsi qeyd edib.

O bildirib ki, təşəbbüslər çərçivəsində yüzlərlə ictimai məkanın qiymətləndirilməsi aparılır, gənclər isə şəhər mühitinin təhlilində və şəhər ərazilərinin vəziyyətinin sənədləşdirilməsində fəal iştirak edirlər.

Onun sözlərinə görə, şəhər mühitinin modelləşdirilməsi və şəhər dizaynının əsaslarının öyrədilməsi üçün "Block by Block" metodunun və "Minecraft" platformasının istifadəsinə xüsusi diqqət yetirilir.

"Proqramlar çərçivəsində 220-dən çox iştirakçı cəlb edilib, həllərin təqdimatı üçün onadək rəqəmsal model və videomaterial yaradılıb", - o bildirib.

Hindistan nümayəndəsi vurğulayıb ki, rəqəmsal alətlər şəhər planlaşdırması proseslərini daha inklüziv etməyə imkan verir və gənclərə bələdiyyə qurumları ilə birlikdə memarlıq və dizayn həllərində iştirak etmək imkanı yaradır.