"Euronews": WUF13-ün diqqət mərkəzində - miqrasiya, mənzil və dayanıqlı inkişaf

Xarici siyasət
  • 22 may, 2026
  • 11:13
Euronews: WUF13-ün diqqət mərkəzində - miqrasiya, mənzil və dayanıqlı inkişaf

"Euronews" telekanalı Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) əsas mövzularına - miqrasiya, şəhərlərin münaqişədən sonrakı bərpası və mənzil böhranının həllinə həsr olunmuş material hazırlayıb.

"Report" xəbər verir ki, reportajda hökumətləri miqrasiyaya yanaşmalarına əsaslı şəkildə yenidən baxmağa, onu fövqəladə vəziyyət kimi deyil, şəhər planlaşdırmasının daimi və ayrılmaz bir elementi kimi nəzərdən keçirməyə yekdilliklə çağıran müxtəlif ölkələrdən olan ekspertlərin açıqlamaları yer alıb.

Beynəlxalq Miqrasiya Təşkilatının təşkilatının baş direktorunun müavini Ugoçi Deniels telekanala müsahibəsində bildirib ki, miqrasiya bu gün şəhərlərin simasını birbaşa formalaşdırır.

"Bir çox miqrantlar şəhərlərin bərpasına, inkişafına və iqtisadi rifahına töhfə verə bilərlər", - Deniels qeyd edib.

Doktor Lüsi Erl isə köçkünlərin müvəqqəti sığınacaqlarda uzun müddət saxlanılmasına qarşı xəbərdarlıq edib.

Materialda qeyd olunub ki, moderatoru "Euronews" olan panel müzakirəsində postmünaqişə dövründə bərpa mövzusu mərkəzi yer tutub. Orada UN-Habitat, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Dünya Bankının nümayəndələri, eləcə də Azərbaycan, Suriya və Ukraynadan olan rəsmi şəxslər iştirak ediblər.

Bu kontekstdə telekanal Azərbaycan Prezidenti İlham Əliyevin WUF13 çərçivəsində "Euronews"a müsahibəsində dediyi sözləri diqqətə çatdırıb. Prezident qeyd edib ki, postmünaqişə rayonlarına artıq 85 min nəfər qayıdıb, burada 307 meqavat hidroenergetika gücü istifadəyə verilib, 500 körpüdən 435-i tikilib və 70 km tunel çəkilib.

Həmçinin Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimovun çıxışından Şuşa şəhərində nəqliyyatın tamamilə elektrik enerjisinə keçirildiyi, tullantıların idarə edilməsi sisteminin isə sıfırdan yaradıldığı barədə sözləri diqqətə çatdırılır.

"Şuşa 100 % elektrikli ictimai nəqliyyatı tətbiq etdiyimiz ilk şəhər oldu. İctimai avtobuslarımız 100 % elektriklidir, onlarda yanacaq istifadə edilmir", - o bildirib

Telekanal, həmçinin WUF13 forumu çərçivəsində mənzil layihələrinin maliyyələşdirilməsi ətrafında gedən fəal müzakirələrə də diqqət çəkib.

UN-Habitat-ın İcraçı direktoru Anaklaudia Rossbax vurğulayıb ki, heç bir ölkə mənzil problemini yalnız beynəlxalq maliyyələşdirmə hesabına dayanıqlı şəkildə həll edə bilməyib, daxili mənbələr zəruridir.

Uruqvayın mənzil inşası naziri Tamara Paseyro qeyd edib ki, mənzil tikintisini infrastrukturdan və şəhər mühitindən ayrı nəzərdən keçirmək mümkün deyil.

"Evlərin tikintisi həm də tam dəyərli yaşayış mühitinin yaradılması deməkdir", - o deyib və vurğulayıb ki, söhbət yollardan, kommunal xidmətlərdən və sosial infrastrukturdan gedir; bunlar olmadan mənzil cəmiyyətin bir hissəsinə çevrilə bilməz.