Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Digər ölkələr
  • 31 oktyabr, 2026
  • 15:01
Budanov Ukrayna üzrə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir

Ukrayna ABŞ və Rusiya ilə üçtərəfli danışıqların növbəti raundunda irəliləyiş gözləyir.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov amerikalı senatorlarla onlayn formatda keçirilən görüşün yekunlarına dair öz "Telegram" kanalında bildirib.

Onun sözlərinə görə, söhbət zamanı tərəflər aktual məsələləri müzakirə edib, Rusiya-Ukrayna münaqişəsi şəraitində Ukraynanın üzləşdiyi əsas çətinliklərə və ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərinə diqqət yetiriblər.

Budanov vurğulayıb ki, Ukrayna qış aylarında mülki əhalinin müdafiəsi üçün zəruri olan hava təhdidləri barədə erkən xəbərdarlıq sistemləri sahəsində ABŞ-nin yardımına ehtiyac duyur.

"ABŞ-nin danışıqlar prosesinin təşkili və irəlilədilməsi istiqamətindəki səylərini yüksək qiymətləndirirəm və bu barədə söhbət zamanı Amerika tərəfini məlumatlandırdım. Nəticə əldə etmək üçün müvafiq şərait hazırlamaq lazımdır, buna görə də Ukrayna üçtərəfli danışıqların növbəti raundu zamanı irəliləyiş gözləyir", - o vurğulayıb.

Prezident Ofisinin rəhbəri həmçinin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin xüsusi əhəmiyyətini də qeyd edib. Onun sözlərinə görə, təhlükəsizliyin təminatı üzrə dəqiq mexanizmlər olmadan hər hansı sülh yolu ilə nizamlanma və ya hərbi əməliyyatların dayandırılması davamlı sülhə zəmanət verə bilməz.

Bununla əlaqədar olaraq Budanov beynəlxalq tərəfdaşların iştirakı ilə etibarlı təhlükəsizlik arxitekturasının işlənib hazırlanmasını Kiyevin əsas prioritetlərindən biri adlandırıb.

44 filmi