Eskobar: Kartaxena hakimiyyəti turizm və sakinlərin həyat keyfiyyəti arasında balans yaratmağa çalışır

Xarici siyasət
  • 20 may, 2026
  • 12:17
Eskobar: Kartaxena hakimiyyəti turizm və sakinlərin həyat keyfiyyəti arasında balans yaratmağa çalışır

Kartaxena (Kolumbiya) hakimiyyət orqanları yeni ictimai məkanların yaradılması və şəhər mühitinin yaxşılaşdırılması üzrə layihələr həyata keçirir, eyni zamanda, yerli sakinlərin həyat keyfiyyətini və rayonların təhlükəsizliyini artırmağa çalışır.

"Report"un məlumatına görə, bunu Kolumbiya nümayəndə heyətinin təmsilçisi Mariya Abondano Eskobar Bakıda WUF13 çərçivəsində keçirilən panel müzakirəsi zamanı bəyan edib.

Onun sözlərinə görə, yeni layihə çərçivəsində şəhərdə futbol və beysbol meydançaları, uşaq parkları, həmçinin ev heyvanları üçün məkanlar yaradılıb.

"Məqsədimiz Kartaxena sakinləri üçün şəhərin tarixi mərkəzinin yaxınlığında pulsuz ictimai məkanlar yaratmaqdan ibarət olub", - o qeyd edib.

Abondano Eskobar vurğulayıb ki, əvvəllər investisiyaların əhəmiyyətli hissəsi əsasən turizm infrastrukturunun inkişafına yönəldilirdi.

"Çox vaxt investisiyalar yalnız turizm sahəsinə yatırılır, sakinlərə investisiyalar isə arxa plana keçir", - Kolumbiya təmsilçisi deyib.

Onun sözlərinə görə, şəhər hakimiyyətinin indiki yanaşması "50/50" prinsipinə əsaslanır ki, bu da turizmin inkişafı ilə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılmasının eyni vaxtda həyata keçirilməsini nəzərdə tutur.

Bundan başqa, şəhər hakimiyyəti cinayətkarlıq və qanunsuz narkotik dövriyyəsi səviyyəsinin yüksək olduğu bölgədə təhlükəli şəraitdə yaşayan 120-dən çox ailənin köçürülməsi ilə bağlı layihə həyata keçirib.

"Rəsmi olaraq avtomobil təmiri emalatxanaları və ya çörəkxanalar hesab edilən kiçik obyektlər əslində iri narkotik satış məntəqələri idi", - o vurğulayıb.

Kolumbiya təmsilçisi qeyd edib ki, layihənin həyata keçirilməsi təkcə şəhər mühitini yaxşılaşdırmağa deyil, həm də rayonun təhlükəsizliyini artırmağa imkan verib.

44 filmi