Devid Merkel: Qarabağın işğaldan azad edilməsi ilə Cənubi Qafqaz ölkələri regional inteqrasiya kursu götürüblər

Xarici siyasət
  • 14 mart, 2025
  • 17:13
Devid Merkel: Qarabağın işğaldan azad edilməsi ilə Cənubi Qafqaz ölkələri regional inteqrasiya kursu götürüblər
Devid Merkel

Azərbaycan ərazilərinin illərlə davam etmiş işğaldan azad edilməsi Cənubi Qafqazda normallaşmaya yol açıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin köməkçisinin sabiq müavini və Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Devid Merkel XII Qlobal Bakı Forumunun kuluarlarında jurnalistlərə bildirib.

"Azərbaycanı işğal olunmuş ərazilərin qaytarılması münasibətilə təbrik edirəm. Təəssüf ki, beynəlxalq ictimaiyyət buna sülh yolu ilə nail ola bilmədi, lakin indi bu baş verib və bərpa prosesi gedir. Bu, ölkənin və bütün regionun qeyd edə biləcəyi bir hadisədir", - o bildirib.

Sabiq müavinin fikrincə, bu, həmçinin Ermənistanla münasibətlərin normallaşması üçün şərait yaradıb.

"Ermənistan, Gürcüstan və Azərbaycan, eləcə də qonşu Türkiyə indi daha böyük regional inteqrasiyaya doğru irəliləmək imkanına malikdir", - D.Merkel vurğulayıb.

XII Qlobal Bakı Forumunun əhəmiyyətindən danışan sabiq direktor bu tədbirin əsas beynəlxalq məsələlərin müzakirəsində mühüm rol oynadığını qeyd edib.

"Azərbaycan Prezidenti İlham Əliyev dünya liderlərinin görüşünün təşkilində liderlik roluna görə təbriklərə layiqdir. Forum müxtəlif baxışlara, lakin zəngin təcrübəyə malik ekspert və siyasətçilərə qlobal çağırışları müzakirə etmək imkanı verir. Aydındır ki, Ukrayna müharibəsi diqqət mərkəzimizdədir", - o əlavə edib.