Tokayev: Dünyada super güclər arasında qarşılıqlı etibar dərin böhran içindədir

Region
  • 28 oktyabr, 2026
  • 10:35
Tokayev: Dünyada super güclər arasında qarşılıqlı etibar dərin böhran içindədir

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dünyanın super gücləri arasında qarşılıqlı etibarın dərin böhran içində olduğunu bildirib.

"Report"un Qazaxıstan bürosunun verdiyi məlumata görə, o, bunu Qazaxıstan xalqına illik müraciətində deyib.

Onun sözlərinə görə, dünyada dövlətlər arasında qarşılıqlı ittihamlar və gizli qarşıdurma güclənir, beynəlxalq hüququn əhəmiyyəti azalır, BMT-nin nüfuzu isə böhran içindədir.

"Bütün bəşəriyyətin sarsıntılar və qeyri-sabitlik dövründə yaşadığını desək, mübaliğə olmaz. Bu cür mürəkkəb və gözlənilməz vəziyyət hətta soyuq müharibə dövründə belə müşahidə edilməmişdi", - Tokayev bildirib.

Prezident həmçinin Qazaxıstanın müstəqilliyinin və suverenliyinin qorunması məsələlərinin hələ tam həll olunmadığını qeyd edib. O, ölkənin qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün cəmiyyətin birliyinin zəruri olduğunu, bunsuz islahatların və tərəqqinin mümkün olmadığını vurğulayıb.