Azərbaycan ŞƏT məkanında aparıcı dövlətlərlə müttəfiqlik xarakterli ikitərəfli münasibətlər formalaşdırmış dövlətdir - RƏY

Xarici siyasət
  • 31 avqust, 2026
  • 16:34
Azərbaycan ŞƏT məkanında aparıcı dövlətlərlə müttəfiqlik xarakterli ikitərəfli münasibətlər formalaşdırmış dövlətdir - RƏY

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığının genişlənməsi Azərbaycanın Avrasiya məkanında artan siyasi çəkisinin və çoxvektorlu xarici siyasətinin mühüm göstəricilərindən biridir.

Bunu "Report"a siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan geniş geosiyasi məkanda proseslərə təsir imkanlarına malik dövlət kimi qəbul olunur.

"Bu baxımdan Azərbaycanın həm Qərb institutları, həm Türk və İslam dünyası, həm də ŞƏT kimi Avrasiyanın aparıcı çoxtərəfli platformaları ilə fəal əməkdaşlığı təsadüfi deyil".

Siyasi şərhçi hesab edir ki, Azərbaycanın ŞƏT-lə münasibətlərində son illərdə müşahidə olunan dinamika da bunu aydın göstərir. O qeyd edib ki, Prezident İlham Əliyevin 2022-ci ildə Özbəkistanda, 2024-cü ildə Qazaxıstanda, 2025-ci ildə Çində keçirilən ŞƏT sammitlərində iştirakı və hazırda Bişkekdə keçirilən Zirvə toplantısında "ŞƏT+" formatında təmsil olunması Azərbaycanın bu platforma ilə münasibətlərinin ardıcıl şəkildə dərinləşdiyini göstərir.

Ülviyyə Zülfiqar
"Burada mühüm məqam ondan ibarətdir ki, Azərbaycan ŞƏT məkanında təşkilatın əksər aparıcı dövlətləri ilə artıq strateji və müttəfiqlik xarakterli ikitərəfli münasibətlər formalaşdırmış dövlətdir. Azərbaycanın ŞƏT üçün əhəmiyyətini artıran əsas amillərdən biri isə ölkəmizin Şərqlə Qərbi və Şimalla Cənubu birləşdirən strateji coğrafi mövqeyidir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, Orta Dəhliz, Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və bütövlükdə Azərbaycanın yaratdığı müasir nəqliyyat-logistika infrastrukturu ŞƏT məkanının Avropa və dünya bazarlarına çıxışı baxımından getdikcə daha böyük əhəmiyyət qazanır".

Ü. Zülfiqar vurğulayıb ki, eyni zamanda, Cənubi Qafqazda formalaşan yeni reallıqlar və regional kommunikasiyaların açılması perspektivi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirir. Azərbaycan ŞƏT dövlətləri üçün Avrasiyanın müxtəlif iqtisadi məkanlarını birləşdirən etibarlı nəqliyyat, enerji və kommunikasiya tərəfdaşıdır.

"Bişkekdə keçirilən builki Zirvə toplantısının siyasi məzmunu da xüsusi əhəmiyyət daşıyır. "ŞƏT+" görüşünün BMT-nin ədalətli dünya nizamının əsas elementi olması və ŞƏT+ ölkələrinin çoxqütblü dünyanın formalaşmasına töhfəsi mövzusuna həsr edilməsi göstərir ki, təşkilat artıq yalnız regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq platforması deyil, dəyişən beynəlxalq münasibətlər sistemində daha fəal rol oynamaq iddiasındadır.

Azərbaycan isə müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətlər quran dövlət kimi bu proseslərdə özünəməxsus mövqeyə malikdir. Qoşulmama Hərəkatına uğurlu sədrliyi, COP29-a ev sahibliyi, D-8-ə üzvlüyü, Türk və İslam dünyasındakı fəal mövqeyi ilə yanaşı, ŞƏT çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi də göstərir ki, Azərbaycan yeni formalaşan beynəlxalq düzəndə müxtəlif geosiyasi məkanlar arasında əlaqələndirici və etibarlı tərəfdaş rolunu getdikcə daha da möhkəmləndirir".