Gəncə və Göygölün turizm imkanlarının təşviqi məqsədilə səfər təşkil olunub
- 25 noyabr, 2026
- 15:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) yerli turizm sənayesinin 50 nümayəndəsi üçün Gəncə və Göygölə səfər təşkil edib.
"Report" agentliyə istinadən xəbər verir ki, səfərin məqsədi regionun mövcud turizm məhsullarının qiymətləndirilməsi, yeni səyahət təkliflərinin hazırlanması və Gəncə-Göygöl istiqamətinin daxili turizm bazarında təşviqi imkanlarının araşdırılması olub.
İki gün davam edən proqram çərçivəsində turizm sənayesi nümayəndələri bölgənin mədəni-tarixi irsi, təbii turizm resursları və istirahət imkanları ilə tanış olub, regionda fəaliyyət göstərən turizm obyektlərinə baş çəkiblər.
Səfər zamanı mövcud turizm məhsullarının müxtəlif səyahətçi qruplarının maraqlarına uyğunlaşdırılması, yeni marşrutların formalaşdırılması və regional turizm təkliflərinin şaxələndirilməsi imkanları nəzərdən keçirilib.
Təşəbbüs Gəncə və Göygölün turizm potensialının daha geniş istifadəsi, regional turizm məhsullarının daxili bazarda təşviqi və bu istiqamətdə yerli turizm şirkətlərinin kommersiya təkliflərinin genişləndirilməsinə yönəlib.