Zakir İbrahimov: "İtaliya ilə əməkdaşlığımızda real nəticələr var"
- 23 noyabr, 2026
- 11:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın İtaliya ilə tərəfdaşlığı yalnız niyyət deyil, artıq real nəticədir.
"Report" xəbər verir ki, bunu "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda bildirib.
Onun sözlərinə görə, strateji hədəflərə çatmaq üçün ölkədə ardıcıl addımlar atılır: "Prezident İlham Əliyev çıxışında dağ-mədən sənayesinin perspektivliyini, iqtisadiyyatımız üçün əhəmiyyətini və istehsalat zəncirinin tam qurulmasının vacibliyini xüsusi vurğulayıb, bu ilin sentyabr ayında Azərbaycanda mineral, metallurgiya və dağ-mədən sənayelərinin inkişafını əhatə edən 2027–30-cu illəri əhatə edən Dövlət Proqramı təsdiqlənib. Milli dağ-mədən şirkəti olaraq biz "AzerGold" bu strateji hədəflərin həyata keçirilməsində fəal iştirak edirik".
O bir sıra konkret nümunələri göstərib: "Biz ölkəmizdə genişmiqyaslı, texnologiya baxımından bu günün tələblərinə cavab verən ən müasir yanaşmaları tətbiq etməklə tədqiqat və kəşfiyyat işləri aparırıq. "Filizçay" polimetal yatağında mövcud ehtiyatlar, xüsusən də mis və sink üzrə ehtiyatlar geniş investisiya imkanlarını yaradır. Naxçıvan Muxtar Respublikasında Birləşmiş Ərəb Əmirlikləri şirkəti ilə ortaq şirkət yaradaraq mis yataqlarının kəşfiyyatı aparılır. "Daşkəsən" dəmir filiz yatağında isə İtaliyanın "Danieli" şirkəti ilə və saça kimi maliyyə tərəfdaşları ilə əməkdaşlıq müasir texnologiyaların və beynəlxalq maliyyə alətlərinin birləşməsini təmin edir".
O əlavə edib ki, bu gün Azərbaycan İtalya şirkətlərinə ölkədəki təkcə yataqlara çıxış deyil, həm də birgə dəyər yaratmaq, emal, texnologiya və məhsulun son mərhələsinə qədər uzanan əməkdaşlıq təklif edir. "Bu forum qarşılıqlı etimadı yeni layihələrlə, birgə layihələrə çevirmək üçün yaxşı fürsətdir. İtaliyalı tərəfdaşlarımızı bu istiqamətdə birgə işləməyə dəvət edirəm".