Nazir müavini: Səhiyyə Nazirliyi dərmanların qeydiyyatdan keçmədən ölkəyə idxalına şərait yaradır

Sağlamlıq
  • 06 noyabr, 2026
  • 13:42
Nazir müavini: Səhiyyə Nazirliyi dərmanların qeydiyyatdan keçmədən ölkəyə idxalına şərait yaradır

Səhiyyə Nazirliyi dərman vasitələrinin nazirliyin Kollegiya qərarı ilə qeydiyyatdan keçmədən ölkəyə idxalı üçün şərait yaradır.

"Report" xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında deyib.

O qeyd edib ki, "Dərman vasitələri haqqında" qanuna əsasən, ölkəyə idxal olunan bütün dərmanlar qeydiyyatdan keçməlidir:

"Sadəcə, bəzi nadir hallarda rast gəlinən xəstəliklərlə mübarizədə istifadə olunan dərman vasitələrinin sayının az olmasına görə bu sahədə özəl əczaçılıq şirkətləri həmin dərman vasitələrinin ölkəyə idxalında maraqlı olmurlar".

Nazir müavini vurğulayıb ki, Səhiyyə Nazirliyi özündən asılı olan funksional istiqamətinə uyğun olaraq həmin dərman vasitələrini o siyahıya daxil etməklə, onların ölkəyə idxalını asanlaşdırır:

"Amma ölkəyə dərman vasitələrinin idxalı özəl sektor tərəfindən həyata keçirildiyi üçün və özəl sektorda da həmin dərman vasitələrinin sayının az olması, onlar üçün rentabelli olmaması çox güman ki, həmin dərman vasitələrinin idxalına imkan vermir. Digər məsələlər, o cümlədən həmin dərmanlarla əlaqədar əlavə məlumat təqdim olunacaq".

R.İsmayılov Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətinə Nəzarət Mərkəzinin fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində işlərin getdiyini, həmçinin özəl tibb sektorunun dövlət səhiyyə sisteminə uyğunlaşdırılması məsələsinin yaxın zamanlarda öz həllini tapacağını diqqətə çatdırıb.

44 filmi