Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə həyata keçiriləcək
- 29 noyabr, 2016
- 14:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 29 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
"Report"un məlumatına görə, Fərman ölkədə səhiyyə xidmətlərini müasir tələblərə uyğunlaşdırmaq, bu sahənin mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirməklə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və icbari tibbi sığorta sisteminin tətbiqini təmin etmək məqsədi daşıyır.
Fərmana əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində dövlət səhiyyə sisteminə daxil olan qurumlar (Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbələri, sanitariya və epidemioloji xidmət, əczaçılıq və tibbi təhsil müəssisələri, habelə psixonevroloji və narkoloji dispanserlər istisna olmaqla) pilot layihə başa çatanadək Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilir.
Prezident Administrasiyasına bir ay müddətində Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihəni və həmin pilot layihənin həyata keçirilməsi üzrə tədbirlər planının layihəsini hazırlamaq tapşırılıb.
Pilot layihə 2017-ci il yanvarın 1-dən həyata keçirilməlidir. Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 10 milyon manat ayrılıb.