"VAM Caspian" BP ilə Xəzər dənizində qazma işlərinə dəstək üzrə xidmət müqaviləsini uzadıb

Energetika
  • 27 oktyabr, 2026
  • 20:31
VAM Caspian BP ilə Xəzər dənizində qazma işlərinə dəstək üzrə xidmət müqaviləsini uzadıb

Fransanın "Vallourec Oil & Gas France" (VOGFR) şirkətinin Bakı filialı "VAM Caspian" "BP Exploration" (Caspian Sea) operatoru ilə servis müqaviləsini 2 il uzadıb.

"Report" "VAM Caspian"a istinadən xəbər verir ki, müqavilə Xəzər dənizinin Azərbaycan hissəsində qazma əməliyyatlarının və quyuların tamamlanmasının texniki müşayiəti üzrə xidmətlərin göstərilməsini nəzərdə tutur.

Müqavilənin şərtlərinə əsasən, şirkət mühəndislik dəstəyini, 7/24 rejimində texniki müşayiəti, həmçinin BP-nin bu regiondakı layihələri, o cümlədən "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlar bloku üçün yüksək keyfiyyətli yivli birləşmələrin və boru məhsullarının hazırlanması və onlara xidmət göstərilməsi üzrə kompleks həlləri təmin etməyə davam edəcək.

"Əməkdaşlığın uzadılması qeyri-istehsal vaxtının minimuma endirilməsinə, xərclərin optimallaşdırılmasına və qazma platformalarında təhlükəsizlik səviyyəsinin artırılmasına yönəlmiş xidmət proqramlarının uğurla icra olunması ilə şərtlənir. Xüsusən də, podratçı əvvəlcədən yağlanmış qovşaqların və boruların tədarükünü, quyuların intellektual tamamlanması komplekslərinin hazırlanmasını, həmçinin quyu avadanlıqlarının bərpası və təkrar istifadəsi üzrə layihələrin həyata keçirilməsini təmin etməyə davam edəcək", - rəsmi bəyanatda bildirilib.

"VAM Caspian" 2007-ci ildən Azərbaycanda fəaliyyət göstərir və Xəzər regionunun aparıcı neft-qaz layihələri üçün xidmət həllərinin daimi təchizatçısı qismində çıxış edir.

44 filmi