Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: “Demokratiyanın qələbə çalacağına inanıram” 

Region
  • 14 may, 2023
  • 16:51
Türkiyə Prezidenti yanında Təhlükəsizlik Şurasının üzvü: “Demokratiyanın qələbə çalacağına inanıram” 

“Bu gün Türkiyədə son dərəcə həlledici, önəmli bir gündür, demokratiyanın qələbə çalacağına inanıram”.

Bu fikirləri “Report”un Ankara bürosuna açıqlamasında Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Yedditəpə Universitetinin professoru Mesut Hakkı Çaşın prezident və parlament seçkilərini şərh edərkən bildirib.

Politoloq deyib ki, bu seçki Türkiyənin siyasi tarixində həm ölkə daxilində, həm də ölkə xaricində seçici iştirakı baxımından ən böyük proses hesab edilə bilər: “Bu baxımdan gələcək 5 il üçün Türkiyənin başlatdığı irəliləyişlər iqtisadiyyatda, müdafiə sənayesində, ticarətdə də öz əksini tapacaq. Təbii ki, bu, demokratiya yarışıdır və kimin qalib gələcəyinə xalq qərar verir”.

Mesut Çaşın Türkiyədə “Cümhur” İttifaqının əsas rəqibi olan “Millət” İttifaqı haqqında fikirlərini bölüşüb: “Kılıçdaroğlu ölkəmizə bahar gətirəcəyini, qarşıdurmaları bitirəcəyini vəd verir. Halbuki Türkiyə mətbuatında onların “FETO” üsulu ilə Müharrem İncəyə tələ qurduqları da iddia olunur. Türk dünyası ilə bağlı planını açıqlayır, Azərbaycanı unudur. Eyni zamanda manipulyasiya və dezinformasiya ilə Rusiyaya qarşı bəzi açıqlamalarında aqressiv görünür. Mən belə siyasətin səhv olduğunu düşünürəm. Çünki Türkiyə Rusiya və Ukrayna müharibəsinin tərəfi deyil, sabitliyi təmin edib. Prezident Ərdoğanın taxıl anlaşması hər iki ölkənin iqtisadi ehtiyaclarını təmin etdiyi kimi, Afrikada, Yaxın və Orta Şərqdə ərzaq qiymətlərinin artmasının qarşısını alıb. Bu, tarixi və diplomatik bir uğurdur”.

Türkiyənin demokratiya imtahanının bu gün saat 17.00-da başa çatdığını deyən Mesut Çaşın bu prosesdə qarşıdurmaların olacağını düşünmədiyini vurğulayıb: “Türkiyədə demokratiya mədəniyyəti üstündür. Seçkilərin Qafqaza, Balkanlara, Yaxın və Orta Şərqə sabitlik gətirəcəyinə inanıram. Bütün türk respublikaları bu seçkiləri diqqətlə izləyir. Xüsusilə cənab İlham Əliyevin Ərdoğana verdiyi dəstək üçün təşəkkür edirik”.

44 filmi