Gürcüstanda Rusiya ilə əlaqələr üzrə yeni xüsusi nümayəndə təyin edilib
- 21 oktyabr, 2026
- 14:29
Yeniliklərdən dərhal xəbərdar olun!
Georgi Zurabaşvili Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Rusiya ilə əlaqələr üzrə xüsusi nümayəndəsi təyin edilib.
"Report" Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Kobaxidze bu gün brifinqdə bildirib.
Baş nazirin sözlərinə görə, Gürcüstanın əsas prioritetləri sırasında Rusiya ilə münaqişənin sülh yolu ilə nizamlanması, mövcud ticari-iqtisadi əlaqələrin qorunub saxlanması və inkişafı, həmçinin humanitar məsələlər üzrə daimi dialoq yer alır.
"Rusiya Federasiyası ilə münaqişənin sülh yolu ilə nizamlanması, mövcud ticari-iqtisadi əlaqələrin qorunub saxlanması və inkişaf etdirilməsi, həmçinin humanitar məsələlər üzrə daimi dialoq ölkəmizin ən mühüm prioritetləri sırasındadır. Gürcüstan və Rusiya Federasiyası arasında diplomatik münasibətlərin olmadığı bir vaxtda Cenevrə formatı ilə yanaşı, baş nazirin xüsusi nümayəndəsi vəzifəsi bu məsələlərin həlli üçün həlledici əhəmiyyət kəsb edir", - Kobaxidze deyib.
Qeyd edək ki, Zurabaşvili 2025-ci il iyulun 1-dən xarici işlər nazirinin birinci müavini vəzifəsini tutur.