"SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

Energetika
  • 21 oktyabr, 2026
  • 19:22
SOCAR Türkiyə beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" əvvəlki kreditlərini daha əlverişli şərtlərlə yenidən maliyyələşdirmək məqsədilə beynəlxalq banklardan 1,6 milyard ABŞ dolları məbləğində beşillik maliyyələşmə cəlb edib.

Bu barədə "Report" "SOCAR Türkiyə" şirkətinə istinadən xəbər verir.

Bildirilib ki, sövdələşməyə nəzərdə tutulan məbləğdən 1,8 dəfə çox təklif daxil olması şirkətə beynəlxalq maliyyə bazarlarının marağını nümayiş etdirib.

Maliyyələşmə SOCAR-ın Türkiyədəki törəmə şirkəti tərəfindən "First Abu Dhabi Bank" (FAB) və "Mizuho Bank"ın rəhbərliyi ilə həyata keçirilib. Əməliyyatda Avropa, Uzaq Şərq və Yaxın Şərqi təmsil edən ümumilikdə 22 bank iştirak edib.

Məlumata görə, 5 il müddətinə verilən maliyyələşmə SOCAR-ın zəmanəti ilə illik SOFR + 230 baza bəndi faiz dərəcəsi əsasında təmin olunub. Şirkətin açıqlamasına görə, yeni maliyyələşmənin faiz xərcləri əvvəlki kreditlərlə və bazardakı oxşar əməliyyatlarla müqayisədə daha aşağıdır.

Əməliyyatın əsas məqsədi mövcud maliyyə öhdəliklərini daha sərfəli şərtlərlə yenidən maliyyələşdirməkdir. Uzunmüddətli maliyyələşmə "SOCAR Türkiyə"yə əlavə öhdəlik yaratmadan kreditlərin şərtlərini yaxşılaşdırmağa və maliyyə strukturunu optimallaşdırmağa imkan verir.

SOCAR prezidenti və "SOCAR Türkiyə"nin İdarə Heyətinin sədri Rövşən Nəcəf bildirib ki, beynəlxalq bankların əməliyyata göstərdiyi yüksək maraq şirkətin qlobal maliyyə bazarlarındakı etibarlılığını və SOCAR Qrupunun maliyyə dayanıqlılığına inamı əks etdirir.

Onun sözlərinə görə, beynəlxalq bazarlardan cəlb olunan vəsait "SOCAR Qrupu"nun likvidliyinin dəstəklənməsinə xidmət edəcək. Əməliyyat, eyni zamanda, maliyyə qurumlarının şirkətin layihələrinə və uzunmüddətli inkişaf perspektivlərinə verdiyi dəstəyi göstərir.

Yenidən maliyyələşdirmə prosesində "SOCAR Türkiyə"nin hüquqi məsləhətçiləri qismində "Vinson & Elkins RLLP" və "Omni Law Firm" çıxış edib.