"Güclü Ermənistan" fraksiyasında parlament iclaslarının boykotu müzakirə edilir
- 13 noyabr, 2026
- 10:00
Yeniliklərdən dərhal xəbərdar olun!
"Güclü Ermənistan" fraksiyasında partiya lideri Samvel Karapetyanın həbsindən sonra parlament iclaslarını boykot etmək imkanı müzakirə olunur.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, deputatların bir hissəsi öz siyasi mövqelərini ifadə edərək parlamentin iclaslarında iştirakdan imtina etməyi zəruri hesab edir.
Fraksiyanın digər hissəsi hesab edir ki, boykot hakimiyyətin xeyrinə olacaq, çünki müxalifət qanunvericilik təşəbbüslərinə qarşı çıxmaq və siyasi gündəm formalaşdırmaq imkanından məhrum olacaq.
Bu məsələnin müzakirəsi davam edir. Yekun qərarın noyabrın 17-dən başlayacaq parlamentin növbəti sessiyasında qəbul edilməsi planlaşdırılır.
Xatırladaq ki, noyabrın 4-də Ermənistan İstintaq Komitəsinin əməkdaşları "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın və eyniadlı fraksiyanın rəhbəri Narek Karapetyanın evlərində axtarışlar aparıblar.
İstintaqın məlumatına görə, Karapetyanın təşkil etdiyi bir qrup şəxs 2016-2024-cü illərdə vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda əmlak mənimsəmə və çirkli pulların yuyulması üzrə dörd epizod törədib. Məhkəmə onu bir ay müddətinə həbs etmək barədə qərar çıxarıb.