Zəngilan Şəhəri Günü ilk dəfə silsilə tədbirlərlə qeyd olunur

Qarabağ
  • 20 oktyabr, 2026
  • 13:47
Zəngilan Şəhəri Günü ilk dəfə silsilə tədbirlərlə qeyd olunur

Zəngilan Şəhəri Günü ilk dəfə Zəngilan şəhərində silsilə tədbirlərlə qeyd edilir.

"Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, tədbirlər planı əsasında ilk olaraq Zəngilan Plov Festivalının açılış mərasimi baş tutub.

Qonaqlar peşəkar aşpazların hazırladıqları bölgəyə aid ənənəvi plov çeşidlərinin dadına baxıblar. Həmçinin qurama və həsir toxuma sənəti üzrə təqdimatlar təşkil edilib. Eyni zamanda, Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilanın tarixini, təbiətini və bu gününü özündə əks etdirən "Zəngilan - zamanın qanadlarında" adlı fotosərgi nümayiş olunub.

Tədbirlər çərçivəsində uşaqlar üçün face-art, rəsm və əl işlərindən ibarət yaradıcılıq sərgisi və rəssamlıq üzrə ustad dərsləri keçirilib.

Silsilə tədbirlərin davamında Zəngilan Konqres Mərkəzinin səhnəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bayram konserti təqdim olunacaq.

Gün boyu davam edəcək silsilə tədbirlər yekunda atəşfəşanlıqla başa çatacaq.