Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfirlər Füzulidə minatəmizləmə işləri ilə tanış olublar
- 26 avqust, 2022
- 13:22
Yeniliklərdən dərhal xəbərdar olun!
Ankarada fəaliyyət göstərən, Azərbaycanda da akkreditə olunmuş diplomatik korpus nümayəndələri və hərbi attaşelər Füzulidə minatəmizləmə prosesi ilə tanış olublar.
“Report” xəbər verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa şəhəri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında böyük qəsəbənin salınacağını və bunun Zəngilanın Ağalı kəndindən sonra işğaldan azad edilmiş ərazilərdə ikinci “ağıllı kənd” olacağını qonaqların diqqətinə çatdırıb.
"İşğalçıların öz torpaqları adlandırdıqları bu əraziləri nəyə çevirdiyini siz öz gözlərinizlə görürsünüz", - E.Hüseynov qeyd edib.
Daha sonra qonaqlar ANAMA istehkamçıları tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar.
Bildirilib ki, kənddə 38 ədəd partlamamış hərbi sursat aşkar edilib.
Diplomatlara tapılan və yerdən çıxarılan minaların necə zərərsizləşdirilməsi göstərilib. Partlayışdan heyrətə gələn qonaqlar istehkamçıları alqışlayıblar.