BDU-da "Birinci Türkoloji Qurultayın dərsləri" kitabının təqdimatı keçirilib

Mədəniyyət siyasəti
  • 30 iyun, 2026
  • 10:40
BDU-da Birinci Türkoloji Qurultayın dərsləri kitabının təqdimatı keçirilib

Bakı Dövlət Universiteti (BDU) Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə "Birinci Türkoloji Qurultayın dərsləri" adlı dərs vəsaiti nəşr edib.

"Report" xəbər verir ki, təqdimat Azərbaycanda keçirilən "Türk Dünyası Həftəsi" çərçivəsində baş tutub.

Kitabı BDU-nun Filologiya fakültəsinin Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov hazırlayıb. Kitab BDU Elmi Şurasında müzakirə olunaraq dərs vəsaiti kimi təsdiq edilib və "BDU Nəşr Evi"ndə çap olunub.

Dərs vəsaitində qurultayın əlifba, orfoqrafiya, terminologiya, ədəbi dil, dilin tədrisi, türk dilləri və türk tarixi problemləri (mövzuları) üzrə dərsləri ön plana çıxarılıb.

Kitabın ideya müəllifi BDU rektoru Elçin Babayev, elmi redaktoru tarix üzrə elmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev, rəyçiləri filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova və filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Məmmədovdur.

Mərasimdə qeyd olunub ki, kitab ölkə kitabxanalarına paylanılacaq və hər kəs üçün əlçatan olacaq.

Xatırladaq ki, Birinci Türkoloji Qurultay ilk dəfə 1926-cı ildə Bakıda keçirilib. Prezident İlham Əliyev həmin qurultayın 100 il sonra yenidən keçirilməsi təşəbbüsünü ötən il oktyabrın 6-7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə Görüşündə irəli sürüb.