Taleh Kazımov: "Qlobal çağırışlara baxmayaraq iqtisadi artımımız davam edib"
- 16 noyabr, 2026
- 12:32
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda iqtisadi artım qlobal çağırışlara baxmayaraq davam edib.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu ilin ötən dövründə qlobal mühitdə baş verən qeyri-müəyyənliklərə və geosiyasi çağırışlara baxmayaraq, Prezident İlham Əliyevin tərəfindən həyata keçirilən düşünülmüş, məqsədyönlü ardıcıl siyasətin nəticəsində ölkəmizdə iqtisadi inkişaf davam edib, vətəndaşların sosial rifahı yüksəlmiş və makroiqtisadi sabitlik təmin edilib: "Bu ilin oktyabrın nəticələrinə əsasən illik inflyasiya 5,2 % təşkil edib. Bu göstərici Mərkəzi Bankın hədəf diapazonunda inflyasiyanın formalaşmasını deyir. Bizim oktyabr proqnozlarımıza əsasən, orta hesabla inflyasiya orta müddətdə 5,3 % olacaq. Orta müddətdə dedikdə 2027–2028-ci illəri nəzərdə tutulur".
T. Kazımov deyib ki, qlobal iqtisadi şəraitdə olan çağırışlara baxmayaraq, iqtisadi artımımız davam edib: "10 ayın nəticələrinə əsasən iqtisadi artım 1,7 % təşkil edib. Qeyri-neft ümumi daxili məhsulun artımı isə 2,9 % səviyyəsində formalaşıb. Mərkəzi Bankın oktyabr proqnozlarına əsasən, 2027-ci ilin sonunda ümumi daxili məhsulun artımı 2,3 % olacaq, qeyri-neft ümumi daxili məhsulun artımı isə 4,3% səviyyəsində olacağı gözlənilir".