Tahir Mirkişili: "DSMF üzrə dövlət öhdəliklərinin tam ödənilməsi pensiyaları 5 %-ə qədər artıra bilərdi"

Maliyyə
  • 05 noyabr, 2026
  • 13:00
Tahir Mirkişili: DSMF üzrə dövlət öhdəliklərinin tam ödənilməsi pensiyaları 5 %-ə qədər artıra bilərdi

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) dövlət qarşısında olan öhdəlikləri tam həcmdə ödənilsəydi, sığortaolunan pensiyaçıların pensiyalarını orta hesabla 5 %-ə qədər artırmaq mümkün olardı.

"Report" xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, DSMF-nin dövlət öhdəliklərinin tam razılaşdırılması vacib məsələlərdən biridir.

"Fondun hesablamalarına görə, 2027-ci ildə pensiya xərcləri daxilində dövlət öhdəlikləri 3 milyard 831,72 milyon manat, dövlət büdcəsində nəzərdə tutulan transfert isə 1 milyard 600 milyon manat təşkil edir. Bu iki göstərici arasındakı fərq 2 milyard 231,72 milyon manatdır.

Məbləğ tərəflər arasında tam razılaşdırılmadığı üçün həmin fərqi təsdiqlənmiş dövlət borcu adlandırmaq düzgün olmaz. Bizim təqribi hesablamalarımıza görə, əgər 2027-ci ildə Fondun hesabladığı dövlət öhdəlikləri tam ödənilsəydi, sərbəst vəsaitlərin idarə olunmasından əldə edilən gəlirlər hesabına sığorta haqqı ödəyən pensiyaçıların pensiyalarını orta hesabla 5 %-ə qədər artırmaq mümkün olardı.

Bundan başqa, ortamüddətli dövrdə transfertlərin kəskin artmasının səbəbləri də izah edilməlidir. Belə ki, proqnozlara əsasən, 2027-ci ildə 1,6 milyard manat təşkil edəcək transfertin həcmi 2028-ci ildə 4,07 milyard manata yüksələcək. Bu, təxminən 2,54 dəfə artım deməkdir".

T. Mirkişili hesab edir ki, 2028-ci ildən etibarən bu məbləğin hansı razılaşdırılmış qərar və maliyyə mənbəyi hesabına təmin ediləcəyinin indidən aydınlaşdırılması məqsədəuyğun olardı.

"Həmçinin demoqrafik təzyiq nəzərə alınmaqla sosial sığorta ödəyicilərinin bazasının genişləndirilməsi vacibdir. Sənəddəki göstəricilər bu məsələyə xüsusi diqqət yetirilməsini zəruri edir. Belə ki, sosial sığorta haqqı hesablanmış şəxslərin sayı 2025-ci ildə təxminən 27,2 min nəfər azalıb, bir pensiyaçıya düşən aktiv sığortaolunanların sayı 1,93-dən 1,91-ə enib. Eyni zamanda, 65 yaşdan yuxarı əhalinin 20–64 yaşlı əhaliyə nisbəti 2020–2026-cı illərdə 11,5 %-dən 17,1 %-ə yüksəlib".

Deputatın fikrincə, gəlirlərin əməkhaqqı artımı hesabına yüksəlməsi müsbət haldır: "Lakin bu amil sığorta ödəyicilərinin sayındakı azalmanı uzun müddət kompensasiya edə bilməz. Bu baxımdan, azalmanın məşğulluq səviyyəsi, uçot dəyişiklikləri, yoxsa digər amillərlə bağlı olduğunun ayrıca araşdırılması məqsədəuyğun olardı.

Eləcə də, investisiya fəaliyyətinin büdcə göstəricilərində əks olunması şəffaflığı artırardı. İnvestisiya gəlirləri və onlarla əlaqəli xərclər hesabatlarda göstərilsə də, büdcə qanununun göstəricilərində əks olunmur.

Düşünürəm ki, Fondun bütün maliyyə əməliyyatlarının, o cümlədən investisiya fəaliyyətindən əldə olunan gəlirlərin və bu fəaliyyətlə bağlı xərclərin vahid sənəddə əks etdirilməsi və qiymətləndirilməsi daha effektiv olardı. Bu, Fondun maliyyə vəziyyətinin bütöv şəkildə təhlilinə imkan verərdi".