Azərbaycanda vergi rezidenti hesab olunmaq üçün qaydalar dəyişdirilir

Biznes
  • 05 noyabr, 2026
  • 13:02
Azərbaycanda vergi rezidenti hesab olunmaq üçün qaydalar dəyişdirilir

Ardıcıl iki ildə ümumilikdə 270 gündən, hər il isə 90 gündən artıq Azərbaycanda olan şəxslərin vergi rezidenti hesab edilməsi təklif olunur.

"Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Mövcud qanunvericiliyə əsasən, fiziki şəxsin vergi rezidenti hesab edilməsi üçün əsas meyar onun təqvim ilində üst-üstə 182 gündən artıq Azərbaycanın ərazisində faktiki olmasıdır.

Bununla belə, yalnız 182 günlük fiziki iştirak meyarının tətbiqi şəxsin Azərbaycanla davamlı və əhəmiyyətli faktiki bağlılığının mövcud olduğu bütün halları əhatə etməyə imkan vermir.

Sənədə görə, beynəlxalq, o cümlədən Avropa ölkələrinin təcrübəsi göstərir ki, fiziki şəxslərin vergi rezidentliyinin müəyyən edilməsi yalnız təqvim ilində 183 günlük fiziki iştirak meyarı ilə məhdudlaşmır. Bir sıra ölkələrdə şəxsin ölkə ilə davamlı bağlılığının müəyyən edilməsi məqsədilə bir neçə ili əhatə edən məcmu fiziki iştirak müddəti, əvvəlki illərdə ölkədə olma müddəti, habelə daimi və ya adi yaşayış yeri, həyati maraqların mərkəzi və digər bağlılıq meyarları nəzərə alınır.

Bu zaman iki il üzrə ümumilikdə 270 günlük hədd şəxsin ölkədə əhəmiyyətli müddətdə faktiki iştirakını, hər bir ildə azı 90 günlük minimum tələb isə həmin iştirakın yalnız bir ildə cəmlənmədiyini və ardıcıl illər üzrə davamlı xarakter daşıdığını təsdiq edir. Başqa sözlə, minimum 90 günlük tələb meyarın ölkədə epizodik və ya birdəfəlik uzunmüddətli olan şəxslərə deyil, Azərbaycanla ardıcıl dövrlər üzrə sabit fiziki bağlılığı formalaşmış şəxslərə tətbiq edilməsini təmin edir.

Bildirilib ki, təklif olunan yanaşmanın digər mühüm üstünlüyü onun obyektiv, ölçülə bilən və inzibatçılığı nisbətən sadə meyar olmasıdır. Həyati maraqların mərkəzi, daimi yaşayış yeri, iqtisadi və şəxsi əlaqələr kimi meyarların tətbiqi ayrı-ayrı hallarda şəxsin əmlak, məşğulluq və digər münasibətlərinin araşdırılmasını və qiymətləndirilməsini tələb etdiyi halda, fiziki iştirak müddəti sərhədkeçmə məlumatları əsasında müəyyən edilə bilər.

Eyni zamanda, layihədə vurğulanıb ki, dəyişiklik fiziki şəxsin ölkədə qalma müddətini ardıcıl illər üzrə 182 günlük həddən aşağı saxlamaqla, faktiki olaraq Azərbaycanla ilə davamlı bağlılığa malik olduğu halda rezidentlik meyarından kənarda qalması imkanını məhdudlaşdıracaqdır.

Vergi rezidentliyi fiziki şəxsin vergi öhdəliklərinin, o cümlədən vergitutma hüququnun əhatə dairəsinin müəyyən edilməsində mühüm əhəmiyyət daşıdığından, belə halların daha düzgün əhatə olunması vergitutma bazasının qorunmasına və rezidentlik statusundan asılı vergi öhdəliklərinin daha düzgün müəyyən edilməsinə xidmət edəcək.

44 filmi