“Moody's” Azərbaycanın xarici amillərdən asılılıq göstəricilərinin 4 dəfə azalacağını gözləyir

Maliyyə
  • 08 avqust, 2022
  • 12:01
“Moody's” Azərbaycanın xarici amillərdən asılılıq göstəricilərinin 4 dəfə azalacağını gözləyir

“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərini nəzərə alaraq, Azərbaycanın xarici amillərdən asılılıq göstəricisi (təxminən 80 %) 20 %-dən aşağı düşəcək”.

“Report” xəbər verir ki, bu barədə “Moody's Investors Service” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

“Rusiya ilə güclü ticarət əlaqələrinə baxmayaraq, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Azərbaycan iqtisadiyyatına məhdud şəkildə təsir göstərib və 2022-ci ilin mayında qeyri-neft sektorunda ÜDM 11 %-ə çatıb”, - agentlik qeyd edib.

“Moody's” bu il Azərbaycanda real ÜDM-nin həcminin 4 %-ə yüksələcəyini proqnozlaşdırır: “Azərbaycan COVID-19 pandemiyası dövründə dayanıqlılıq nümayiş etdirib. Bu da Azərbaycan iqtisadiyyatının onunla qarşılaşdırıla biləcək ölkələrlə müqayisədə daha az kiçik ressesiyasına və milli valyutasını qoruyub saxlamasına səbəb olub. Nəticədə Azərbaycan Rusiya-Ukrayna böhranına enerji resurlarından əldə edilən gəlirlərlə dəstəklənən bərpa olunan güclü iqtisadiyyatla daxil olub”.

Agentlik yüksək karbohidrogen qiymətləri, artan neft hasilatı kvotası və təbii qaz ixracı səbəbindən yaxın bir neçə il ərzində cari əməliyyatlar hesabında (ÜDM-in 15-20 %-i) yüksək səviyyədə müsbət saldo gözləyir.

“Moody's Investors Service” Azərbaycanda ərzaq məhsullarının qiymətinin 20 % artması daxil olmaqla, illik inflasiyanın 14 %-ə yüksəldiyini bildirib. Digər tərəfdən, “Moody's”in ekspertləri hesab edirlər ki, son vaxtlar institusional potensialın yaxşılaşması artan inflyasiya təzyiqini azaldacaq: “Azərbaycan Mərkəzi Bankı (AMB) buna cavab olaraq, 2021-ci ilin sentyabrından uçot dərəcəsini 150 baza bəndi artıraraq 7,75 %-ə çatdırıb və ehtiyat tələblərini artırıb”.

Son illərdə makroiqtisadi və xarici sabitliyi dəstəkləyən makroiqtisadi siyasətin və məzənnənin idarə edilməsinin gücləndirilməsindən sonra “Moody's” AMB-nin yaxın gələcəkdə ölkənin milli valyutasının ABŞ dollarına de-fakto bağlanmasını qoruyacağını gözləyir.

Bundan başqa, Azərbaycan hökuməti vergi və tariflərin azaldılması və ya ərzaq subsidiyaları, ərzaq ixracına qadağalar, həmçinin ehtiyat toplama siyasəti kimi antiinflyasiya tədbirləri görüb. Üstəlik, “Moody's” hesab edir ki, hökumət lazım gələrsə, aztəminatlı ailələrə ünvanlı pul köçürmələri təmin etmək üçün əlavə maliyyə ehtiyatlara malikdir.

“Moody's” 2022-ci il üçün yenidən baxılmış dövlət büdcəsində göstərildiyi kimi, neftin qiymətinin yüksək olduğu dövrdə hökumətin Dövlət Neft Fondundan transfertlərdən asılılığını məhdudlaşdırmaqla maliyyə nöqteyi-nəzərdən ehtiyatlı davranacağını gözləyir.

“COVID-19 pandemiyası zamanı dayandırılmış büdcə qaydalarına qeyri-neft gəlirlərinin gözləniləndən yüksək olduğu illərdə iqtisadi aktivliyi stimullaşdırmaq üçün qeyri-neft gəlirlərinin xərclənməsində daha çox çeviklik təmin etmək məqsədilə yenidən baxılır. Məsələn, ötən il qeyri-neft gəlirləri göstəriciləri üstələyib. Bu il də qeyri-neft gəlirlərinin bu göstəriciləri üstələcəyini gözlənilir”, - agentlik vurğulayıb.

“Moody's"in ekspertləri hesab edirlər ki, bu da Azərbaycanın azad edilmiş ərazilərinin bərpası və antiinflyasiya tədbirləri üçün xərclərin yenidən bölüşdürülməsinə imkan verir: “Bu arada, yeni büdcə qaydaları hakimiyyətin qeyri-neft kəsirinin qeyri-neft ÜDM-də faizlə azaldılması və borcun yuxarı həddinin müəyyən edilməsi məsələlərində öhdəliyini təsdiqləyib”.

“Moody's” həmçinin idarəetmə islahatlarının zamanla şərti öhdəlik risklərini azaldacağını gözləyir: “Hökumət “Azərbaycan İnvestisiya Holdinqi” vasitəsilə dövlət müəssisələrinin borc öhdəliklərinə nəzarəti gücləndirib. Korporativ idarəetmənin təkmilləşdirilməsi, maliyyə məlumatlarının açıqlanması və audit qaydalarının tətbiqi kimi, digər islahatlar davam edir”.

Bu arada, “Moody's” 2017-ci ildə Azərbaycan Beynəlxalq Bankının (ABB) toksik aktivlərinin köçürüldüyü “Aqrarkredit”in hökumətdən böyük kapital köçürülməsinə ehtiyac duyacağını gözləmir.

Agentlik qeyd edib ki, ARDNF-nin böyük aktivləri Azərbaycanın böyük xalis kreditor mövqeyini dəstəkləyir və xarici sarsıntıları aradan qaldırmaq üçün istifadə edilə bilər.

“Moody's” hesab edir ki, Azərbaycanın borc yükü konsolidasiya olunub və azalmağa davam edir.

44 filmi