İlham Əliyev: “Açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir”
- 18 aprel, 2018
- 11:04
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 aprel. REPORT.AZ/ “Azərbaycan qonşu ölkələrlə əməkdaşlıq edərək regional nəqliyyat infrastrukturu yaradıb”.
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün andiçmə mərasimində deyib.
“Keçən ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı növbəti tarixi nailiyyətimizdir. Qonşularla birlikdə bu tarixi yolu biz istifadəyə verdik və indi Azərbaycan ərazisindən yüklərin daşınması gündən-günə artmaqdadır. Bununla paralel olaraq, hazırda biz Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq və Azərbaycan ərazisində bütün işləri tamamladıq. İndi biz, ümumiyyətlə, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə məşğuluq. Əminəm ki, qonşu ölkələrlə əməkdaşlıq edərək bu yolun çatışmayan hissəsi də yaxın gələcəkdə tikilib istifadəyə veriləcək. Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir”, - deyə dövlət başçısı qeyd edib.
“Bizim coğrafi yerləşməyimiz bir tərəfdən əlverişlidir, digər tərəfdən əlverişsizdir. Biz Avropa ilə Asiya arasında yerləşirik, ancaq eyni zamanda bizim açıq dənizlərə çıxışımız yoxdur. Əgər olsa idi, onda heç neft və qaz kəmərlərini tikməyə ehtiyac qalmazdı. Ona görə, belə qapalı şəraitdə Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz tarixi nailiyyətimizdir”, - deyə o əlavə edib.