Hesablama Palatası: Cari xərclərin artım tempinə məhdudiyyət qoyulmalıdır

Maliyyə
  • 16 noyabr, 2026
  • 12:54
Hesablama Palatası: Cari xərclərin artım tempinə məhdudiyyət qoyulmalıdır

Cari xərclərin artım tempinə məhdudiyyət qoyulmalıdır.

"Report" xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, büdcə zərfinə əsasən fiskal dayanıqlığın əsas şərtlərindən biri kimi orta müddətli dövrün sonuna qeyri-neft-qaz gəlirləri hesabına cari xərclərin qarşılanması proqnozlaşdırılır: "Hesab edirik ki, bu makroiqtisadi sabitlik və resurs asılılığının azaldılması baxımından təqdirəlayiq bir haldır. Eyni zamanda, əvvəlki rəylərimizdə bildirdiyimiz kimi, bu məqsəd üçün əsas hədəf göstəricisi olaraq cari xərclər, habelə qeyri-neft gəlirlərinin və yaxud daha geniş anlayışla ifadə etsək, qeyri-resurs gəlirlərinin hüquqi əsaslarına yenidən baxılmasının zəruri olduğu qənaətindəyik".

Palata sədri cari xərclərin büdcədəki payının davamlı olaraq artması uzunmüddətli maliyyə dayanıqlığı üçün risk yarada biləcəyindən büdcə qaydasında cari xərclərin artım tempinə də limit qoyulmasını təklif edib.