“Fitch”: Azərbaycanın iri banklarının avrobondları yenidən maliyyələşdirməyə stimulu yoxdur
- 24 aprel, 2024
- 18:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın iri banklarının rahat likvidlik mövqeyi olduğundan onların ödəmə müddəti 2024-25-ci illərdə olan avrobondlarını yenidən maliyyələşdirmək üçün daha az stimulu var.
“Report” “Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən xəbər verir ki, 2023-cü ilin sonunda Azərbaycan Beynəlxalq Bankında (“BB-“/Müsbət) kreditlərin depozitə nisbəti xüsusilə aşağı (50 %) və qarışıq maliyyələşdirmənin dəyəri aşağı (1,4 %) olub.
“MDB+ ölkələrinin bankları tərəfindən avrobondların buraxılması 2024-cü və 2025-ci illərdə, aşağı bazadan başlasa da, əhəmiyyətli dərəcədə artacaq ki, bu da yenidən maliyyələşdirmə ehtiyacları, əlverişli iqtisadi şərait və investorların müsbət əhval-ruhiyyəsi ilə əlaqədardır”, - “Fitch Ratings” bildirir.
Agentliyin məlumatına görə, aprel ayında ümumi məbləği 1,4 milyard ABŞ dolları olan avrobond buraxılıb, builki emissiya isə 2020-ci ildə qeydə alınan 1,3 milyard ABŞ dolları həcmindəki pik nöqtəni artıq keçib.
“2022-ci və 2023-cü illərdə emissiya kəskin şəkildə azalmışdı, çünki Ukraynadakı hərbi münaqişə ilə əlaqədar bazar tərəddüdləri və artan faiz dərəcələri investorları qorxutmuşdu. Builki bərpa 2024-25-ci illər üçün nəzərdə tutulan 2,7 milyard ABŞ dolları həcmində borcun ödənilməsi ilə bağlı olub, ancaq həm də kreditləşmənin artımını stimullaşdırmağa davam etdirməli olan əlverişli iqtisadi şərait, eləcə də bank fəaliyyətinin yüksək göstəriciləri ilə dəstəklənib. MDB+ regionundakı, eləcə də Fars körfəzi zonasında yerləşən ölkələrdəki və Türkiyədəki banklar da investorların, o cümlədən daha yüksək faiz dərəcələri qeydə almaq istəyən investorların 2024-cü ilin birinci rübündə inkişaf etməkdə olan bazarlara münasibətinin yaxşılaşmasından qazanıblar”, - hesabatda deyilir.
“Fitch” hesab edir ki, uzun müddət davam edən məhdud emissiya dövründən və Rusiya emitentlərinin beynəlxalq bazarlardan çıxmasından sonra azalmış tələb də MDB+ ölkələrində bank emissiyasının canlanmasında rol oynayıb. Rusiya emitentləri əvvəllər regionun ən böyük borcalanları olublar və bəzi investorlar bu boşluğu doldurmaq üçün bəlkə də artıq daha geniş MDB+ regionuna müraciət edirlər. ABŞ dolları üzrə aşağı faiz dərəcələri də növbəti emissiyanı təşviq etməlidir. “Fitch” ABŞ-nin Federal Ehtiyat Sisteminin faiz dərəcələrini 2024-cü ildə 75 baza bəndi, 2025-ci ildə isə 125 baza bəndi aşağı salacağını gözləyir.
Xarici maliyyələşdirməyə çıxışı təsdiq edilmiş və xarici borclanmadan güclü asılılığa malik kvazi-suveren qurum olan Qazaxıstan İnkişaf Bankı (QİB, “BBB”/Sabit reytinqli) bu il beynəlxalq bazarlara çıxan ilk MDB+ bankı olub. Bank bu ay 0,7 milyard ABŞ dolları ekvivalentində yüksək təminatsız borc cəlb edib. “Fitch” 2025-2027-ci illərdə 1,7 milyard ABŞ dolları məbləğində borc ödəmə müddətini nəzərə alaraq, QİB-nin daha bir neçə dəfə bazara çıxacağını gözləyir.
Qazaxıstan bank sektorunda kreditin depozitə nisbətinin tədricən artmasını nəzərə alaraq, digər Qazaxıstan bankları da istiqrazların buraxılmasını nəzərdən keçirə bilər. Agentlik hesab edir ki, 2023-cü ilin sonunda bu nisbət 83 %-ə yüksəlib (2021-ci ilin sonunda 72 % idi – red.) və kreditləşmənin artım perspektivləri yaxşıdır. Bununla belə, likvidlik ümumiyyətlə kifayət qədər geniş olaraq qalır, sektorun xarici yenidən maliyyələşdirmə ehtiyacları isə məhduddur.
QİB-nin ardınca Gürcüstanın iki böyük bankı – “Bank of Georgia” və “TBC Bank” (hər ikisi “BB”/Sabit reytinqli) da beynəlxalq bazara çıxıb. Onlar ləğvetmə tarixindən əvvəl öz əlavə birinci dərəcəli (AT1) emissiyalarını (0,3 milyard ABŞ dolları dəyərində daimi borc) yerləşdiriblər. Gürcüstan bankları MDB+ regionunda subordinasiyalı avrobondlar buraxan yeganə banklardır. “TBC Bank” həmçinin 2024-cü ilin iyun ayına qədər ödənilməli olan 0,25 milyard ABŞ dolları məbləğində avrobondlara malikdir və onu vaxtından əvvəl yenidən maliyyələşdirə bilər.
“Bu ilin əvvəlində Özbəkistanın suveren avrobondlarını prolonqasiya etməsindən sonra Özbəkistan banklarının 2024-cü ilin 4-cü rübündə və 2025-ci ildə 1 milyard ABŞ dolları həcmində ödəmədən əvvəl avrobondlarını yenidən maliyyələşdirməyə başlayacağını gözləyirik. “İpoteka Bank” (“BB-“/Sabit reytinqli) bu ay 0,1 milyard ABŞ dolları ekvivalentində yüksək dərəcəli təminatsız istiqrazlar buraxacaq. Xarici valyutada xarici borc Özbəkistan banklarının maliyyələşdirmə profilinin mühüm hissəsidir, bunu sənaye üzrə orta kredit/depozit nisbəti göstərir (2023-cü ilin sonunda 195 % olub). Bəzi Özbəkistan bankları da kreditləşmənin artımını maliyyələşdirmək üçün, ehtimal ki, bu il ilk dəfə avrobond buraxacaqlar”, - “Fitch”in hesabatında vurğulanır.