DVX rəisi: "Vergi islahatlarında sahibkarların təklifləri nəzərə alınıb"
- 06 noyabr, 2026
- 11:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Vergi qanunvericiliyinə dəyişikliklər biznesin inzibati və maliyyə yükünün azaldılmasına, sahibkarlıq mühitinin yaxşılaşdırılmasına və vergi sisteminin müasir iqtisadi çağırışlara uyğunlaşdırılmasına xidmət edir.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu gün təqdim edilən dəyişikliklər ölkədə aparılan islahatların məntiqi davamı kimi Vergi Məcəlləsinin və vergitutma sisteminin çağdaş tələblərə müvafiq şəkildə təkmilləşdirilməsini nəzərdə tutur. Başlıca hədəf vergitutma prosesinin sadələşdirilməsi, sahibkarlıq şəraitinin yaxşılaşdırılması, vergi ödəyicilərinin üzərindəki inzibati və maliyyə yükünün azaldılması, paralel olaraq fiskal sabitliyin qorunmasıdır.
Dəyişikliklər paketi 2017-ci ildən bəri reallaşdırılan islahatlar nəzərə alınaraq büdcə-fiskal çərçivəyə uyğunlaşdırılıb. Sənəd ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə, strateji sahələr üzrə məqsədlərə, o cümlədən sənaye və turizm sektorlarının stimullaşdırılması vəzifələrinə əsaslanaraq işlənib hazırlanıb. O, xüsusilə qeyd edib ki, irəli sürülən dəyişikliklərin müəyyən hissəsi sahibkarlıq subyektləri ilə aparılmış geniş həcmli müzakirələrin yekunu olaraq və onların təqdim etdiyi təkliflər nəzərə alınaraq hazırlanıb. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarının yerinə yetirilməsi çərçivəsində iqtisadi sahədə sahibkarların rastlaşdığı problemlərin araşdırılması və həll yollarının tapılması üçün xüsusi altqrup təşkil edilib. Bu altqrup çərçivəsində müxtəlif sahələri əhatə edən sahibkarlıq subyektləri və biznes birlikləri ilə sıx əməkdaşlıq mühitində çoxsaylı görüşlər təşkil olunub".
O. Nəzərli qeyd edib ki, sahibkarların fəaliyyəti zamanı üzləşdikləri problemlər və onların irəli sürdükləri təkliflər hərtərəfli şəkildə təhlil edilib: "Müzakirələrin nəticələri cari ilin büdcə-vergi siyasətinin formalaşdırılmasında öz əksini tapıb. Ümumilikdə, hazırkı qanun layihəsində dəyişiklik təklif olunan 67 istiqamətdən 21-i sahibkarların təqdim etdiyi və Dövlət Vergi Xidməti tərəfindən məqsədəuyğun sayılan təkliflər bazasında hazırlanıb. Bu yanaşma vergi siyasətinin işlənib hazırlanmasında biznes ictimaiyyətinin fəal iştirakının təmin olunmasına, sahibkarların real tələbatlarının diqqətə alınmasına və dövlət-biznes dialoqunun praktik nəticələrə çevrilməsinə xidmət göstərir".